Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verib.
Pravda.az müsahibəni təqdim edir.
- Xoş gördük, cənab Prezident. Öncə müsahibəyə vaxt ayırdığınız üçün təşəkkürümüzü bildiririk.
Cənab Prezident, Siz mütəmadi surətdə Azərbaycanın bütün regionlarında səfərlərdə olursunuz, görülən işlərlə, inkişaf prosesləri ilə yerində şəxsən tanış olursunuz, tövsiyə və tapşırıqlarınızı verirsiniz. Bu gün Neftçala və Salyan rayonlarında oldunuz. Səfərlə bağlı təəssüratlarınızı bölüşməyinizi xahiş edirik.
- Təəssüratlarım çox müsbətdir. Dediyiniz kimi, mən Azərbaycanın bölgələrinə tez-tez səfərlər edirəm. Bildiyiniz kimi, 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir. Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər- ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir.
Bugünkü səfər də ənənəvi bir səfərdir. Mən əvvəlki dövrlərdə Salyan və Neftçala rayonlarında bir neçə dəfə olmuşam və bu səfər çərçivəsində iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir. Həm gözəl “ASAN xidmət” mərkəzi, bu, sayca 25-ci mərkəzdir. “ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır və nəinki ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, onu da deməliyəm ki, “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Mən bilmirəm, ikinci belə xidmət var ki, bu qədər insanlar tərəfindən bəyənilsin və eyni zamanda, dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk. Son illər ərzində, yəni, 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni, bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, “ASAN xidmət” bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik.
Digər tədbirlər də çox böyük işlərin görülməsindən xəbər verir. Məsələn, Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi, elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzi, digər tədbirlər, iş yerlərinin yaradılması ilə bağlı olan addımlar, o cümlədən Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışı – bütün bunlar onu göstərir ki, ölkəmiz dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur. Eyni zamanda, infrastruktur layihələr – bu gün yolun açılışında iştirak etmişəm və iqtisadiyyatın real sektoru, o cümlədən iş yerləri ilə bağlı olan təşəbbüslərimiz, sənayeləşmə ilə bağlı olan təşəbbüslərimiz, ixracyönümlü məhsulların istehsalı ilə bağlı təşəbbüslərimiz, bütün bunlar yerinə yetirilir və bir daha ölkəmizin gücünü göstərir. Yenə də deyirəm, bugünkü səfər bir çox məqamlara aydınlıq gətirir. Yəni, bu gün səfərimdən və səfərin nəticələrindən, gördüyüm mənzərədən çox məmnunam.
- İşğaldan azad olunan ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda da genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işləri həyata keçirilir. Həmin ərazilərdə artıq böyük dirçəliş dövrü başlayıb. Bu işlərlə bağlı nə deyə bilərsiniz?
- Bu işlər də plan üzrə gedir. Bildiyiniz kimi, hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir və mənim bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir. Halbuki mən ölkəmizin digər yerlərinə də müntəzəm olaraq gedirəm. Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz- bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal artıq işə start verilmişdir. Hazırda artıq iki yaşayış məntəqəsində keçmiş köçkünlər yaşayır - Ağalı və Talış kəndlərində. Biz bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük- abad şəhərlər, abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur. Yəni, bütün bunlar göz qabağındadır. Yenə də deyirəm, bu iki layihə artıq bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq.
Hazırda infrastruktur layihələri davam etdirilir. Bu ilin 3 ayında əldə edilmiş nailiyyətlər imkan verir ki, biz büdcəyə əlavələr edək. Artıq hökumətə göstəriş verilmişdir ki, büdcə dürüstləşməsi aparılsın və Milli Məclisə təqdim edilsin. İlk növbədə Vergi Xidməti xətti ilə üç ay ərzində proqnozdan 1,1 milyard manat çox vəsait toplanmışdır. Bu da şəffaflıq nəticəsində olmuşdur, yeni idarəetmə nəticəsində olmuşdur. Gömrük sektorunda isə proqnozdan əlavə toplanan vəsait 400 milyon manatdan çoxdur. Hazırda gömrük sahəsində də aparılan islahatlar, əvvəlki dövrlərdə buraxılan nöqsanların aradan qaldırılması prosesi uğurla gedir. Təkcə 3 ay ərzində proqnozdan əlavə 1,5 milyard manat vəsait yığılıbdır. Əlbəttə ki, biz ilin ancaq üç ayını başa vurmuşuq, ilin sonuna qədər, təbii ki, bu rəqəm artacaq. Ona görə işləri sürətləndirmək və ölkə qarşısında duran digər vəzifələri yerinə yetirmək üçün, hesab edirəm ki, büdcə dürüstləşməsi aparılmalıdır.
Bütövlükdə, hesab edirəm ki, büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq, ondan da çox ola bilər. Bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək. İkinci yerdə bizim hərbi xərclərimiz olacaq. Çünki buna da böyük ehtiyac var. Dünyada gedən prosesləri hər kəs izləyir. Dünyada təhdidlər artır, təhlükələr artır. Düzdür, biz İkinci Qarabağ müharibəsində düşmənin başını əzərək möhtəşəm Qələbə əldə etmişik. Ancaq Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır, biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun. Bu gün də Azərbaycan Ordusu güclüdür. Biz gücümüzü döyüş meydanında göstərmişik. Biz döyüş meydanında həm Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdik, eyni zamanda, hərbçilərimizin peşəkarlığını göstərdik, öz hərbi potensialımızı göstərdik.
Müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib. Tam əminliklə deyə bilərəm ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür. Ancaq, eyni zamanda, yenə də demək istəyirəm, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq. Ona görə bu sahədə - ordu quruculuğu və müdafiə potensialımızla bağlı olan bütün məsələlər əsas vəzifədir, bu vəzifə və Qarabağın, Şərqi Zəngəzurun bərpası vəzifəsi. Ona görə biz əsas vəsaiti bu istiqamətlərə yönəldəcəyik, lazım olan digər xərclər də aparılacaq. Yəni, bu, bir daha onu göstərir ki, bilirsiniz, indi dünya miqyasında bir çox yerlərdə iqtisadi böhranın, siyasi böhranın, hərbi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan onsuz da rekord həddə olan öz dövlət büdcəsini daha da artırır və bizim büdcə xərclərimiz bu artımdan sonra, təbii ki, yeni rekord qıracaq və ən azı 36 milyard manata çatacaqdır.
Qarabağda və Şərqi Zəngəzurda gedən işlərlə bağlı müntəzəm olaraq ictimaiyyətə məlumat verilir. Onu bildirməliyəm ki, infrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir.
Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay aylarında artıq buna nail olacağıq. Yəni, biz bu işi vaxtından tez görürük və əgər birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son məlumata, son planlarımıza görə, ancaq fərdi evlərin sayı 570 olacaq. Eyni zamanda, 140-dan çox mənzil hazır olacaqdır. Yəni, beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik. Eyni zamanda, qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində işlər gedir. O kəndlərə də biz ilin sonuna qədər keçmiş köçkünləri qaytaracağıq.
Bununla paralel olaraq Şuşa şəhərində birinci yaşayış kompleksi uğurla inşa edilir. Biz ikinci böyük yaşayış kompleksinin, yəni, bir çox evlərdən ibarət layihənin təməlini yaxın zamanlarda qoyacağıq. Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası plan üzrə gedir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür. Bununla paralel olaraq məktəblər, xəstəxanalar, sosial obyektlər, məscidlər - 10-dan çox məscid yenidən tikilir və ya əsaslı şəkildə təmir edilir. Daha doğrusu, cəmi iki məscid təmir edilir. Çünki qalan məscidlərin hamısı ermənilər tərəfindən yerlə-yeksan edilmişdir. Bax, quruculuq işlərimiz bu istiqamətdə aparılır və bir daha onu göstərir ki, bizim bütün planlarımız, bəyan etdiyimiz bütün məqsədlər həyatda öz əksini tapır və tapacaq.
- İcazənizlə, növbəti sualımız Ermənistanla sülh danışıqları ilə bağlıdır. Danışıqlar hazırda hansı mərhələdədir?
- Bildiyiniz kimi, danışıqlarla bağlı, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir. Biz bəri başdan bəyan etmişdik ki, məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər prinsiplər əsasında danışıqlar mümkündür və sülh müqaviləsi imzalana bilər.