İranın Azərbaycanda daha bir məkrli planı işə düşüb. Tehrana bağlı qüvvələr xeyriyyəçilik adı ilə şəhid ailələri və qaziləri öz təsirləri altına salmağa çalışırlar. Həmin qruplar müxtəlif yollarla bu işlərlə məşğuldurlar. Şəhidlərin dəfnində onların bir qrupu ifşa edildi, prosesdən uzaqlaşdırıldı. Dəyərli din xadimi Hacı Şahin Həsənli dünyasını dəyişdikdən sonra bu tendensiya müşahidə edilməyə başladı. Hacı Şahinin ailəsi açıqlama yaydıqdan sonra həmin dəstə geri çəkilmək məcburiyyətinə qaldı. Globalinfo.az-ın əldə etdiyi məlumata görə, ifşadan, qovulmalardan sonra İranın “xüsusi təyinatlı” mərasim dəstələri taktikanı dəyişib. Onlar fərqli metodlardan yararlanaraq sistemli şəkildə qazilər, şəhid ailələri ilə kontakt saxlayırlar. Onları vaxtaşırı ziyarət edir, şəhidlərin valideynləri ilə maksimum yaxınlığa çalışırlar. Əsasən qadınlardan ibarət bu dəstələr şəhid anaları, xanımları ilə yaxınlaşır, onların bu halından sui-istifadə edib, çirkin niyyətlərini həyata keçirirlər. Ailələrin simpatiyasını qazanmağa nail olurlar. Bundan sonra “dini ayinlər” adı ilə şəhid ailələri ilə maksimum yaxınlaşma baş verir.
Globalinfo.az-a daxil olan məlumata görə, dövlət hər rayonda şəhidlər muzeyi tikib, hər şəhidə o muzeydə guşə yaratmaq istəsə də, İrana bağlı dəstə ailələrə təsir edərək bunu əngəlləməyə nail olub. Çünki belə olduqda ailələrlə təmas kəsiləcək. Hazırda bütün şəhid evlərində canını Vətən yolunda qurban vermiş qəhrəmanlarımıza aid guşələr, otaqlar var. İrana bağlı qruplar məhz bu amildən yararlanıb evlərə gedir, Quran oxumaq, dua mərasimləri keçirmək adı ilə şəhid ailələrini öz təsirləri altında saxlamağa çalışırlar.
Eyni taktika qazilərlə bağlı da baş verir. İrana bağlı həmin dəstə Vətən müharibəsi iştirakçılarının bəzilərini ələ alıb, onlardan özləri də bilmədən istifadə etmək üçün əllərində gələni edirlər. Dövlətlə qazilər arasında nifaq toxumu səpməyə cəhd göstərilir. İranın məqsədi bu həssas sosial təbəqəni təşkilatlandırmaq, onların özləri də bilmədən dövlətlə aralarını vurmaq, lazımi anda sabitliyi pozmaqdır.