“Qarabağ” futbol klubu öz uğurları ilə Azərbaycan futbolunun incisinə çevrilib. Təkcə ona görə yox ki, klub Avropada uğurlu çıxışı ilə ölkəmizin adını, imicini yüksəldir, həm də məhz daşıdığı ad burada xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, “Qarabağ” futbol klubu hər bir azərbaycanlı üçün əzizdir, hətta başqa klubların azarkeşləri belə Qarabağımız Avropa meydanlarında mübarizə aparanda eyni həyacanla izləyir, dəstək olur.

“Qarabağ” futbol klubunun rəsmi sosial şəbəkə hesablarında son paylaşımlardan biri isə sözün gerçək mənasında xoşagəlməz vəziyyətin yaranmasına səbəb oldu. Belə ki, klubun rəsmi səhifəsində Qədr gecəsi ilə bağlı paylaşım edilib. Təbii ki, burada məsələ din və ya Qədr gecəsi yox, futbol klubunun apardığı təbliğatdır.
Bu paylaşım klubun azarkaşləri tərəfindən də birmənalı qarşılanmayıb. Azarkeşlər haqlı olaraq idmanın siyasətdən və dindən ayrı olduğunu bildiriblər. Demokrat.az-a daxil olan məlunata görə, bu paylaşım baş məşqçi Qurban Qurbanovun bilavasitə təşəbbüsü ilə olub.