"Yeni Klinika” Publik Hüquqi Şəxsin keçmiş direktoru Pərviz Abbasov və onunla birgə məhkum edilmiş şəxslərlə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb. APA-nın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən iclasda Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib.
Məhkəmə məhkum şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsini tətbiq edib. Qərara əsasən, Pərviz Abbasovun cəzası 3 ilə, Qalib Nəcəfov, Əvəz Hüseynov, Samir Mirzəyevin cəzası isə 2 il 6 aya endirilib.
Bu qərarın nəticəsinə əsasən, Pərviz Abbasovun 1 il, digər məhkumların 6 ay çəkilməmiş həbs müddəti qalıb.
Xatırladaq ki, Pərviz Abbasov, “Buta” Klinikasında həkim-radioloq işləmiş Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov, işsiz olan Samir Mirzəyev və “Viola” MMC-nin meneceri Vüsalə Əliyeva 2021-ci ilin aprel ayında Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunublar.