Azərbaycanın Naxçıvan Muxtar Respublikasının 657 kvadrat kilometr ərazisi SSRİ dövründə qanunsuz olaraq Ermənistana verilib. “Report”un xəbərinə görə, bu, Naxçıvan Televiziyasının 1921-ci ildə imzalanan Qars müqaviləsinin şərtlərinin və beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulması barədə apardığı araşdırma zamanı məlum olub.
Qeyd olunub ki, Naxçıvanın muxtariyyət statusuna təminat verən Qars müqaviləsi çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəd olmaqla yanaşı, muxtar respublikanın ərazi mənsubiyyəti, sərhədlərinin təsbiti və qorunmasına təminat verir. Lakin Qars müqaviləsinə zidd olaraq Naxçıvan Muxtar Respublikasının ərazisinə qəsdlər olunub, bu müqavilə ilə təsbit edilmiş ərazinin təqribən, 15 faizi XX əsrin müxtəlif illərində Ermənistan tərəfindən qanunsuz olaraq zəbt edilib.
Belə ki, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarları ilə 1929-1931-ci illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ərazisinin bir qismi, daha dəqiq desək, 657 kvadrat kilometr ərazi qanunsuz olaraq Ermənistana verilib.
Araşdırma zamanı məlum olub ki, 1929-cu ildə Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Ağbinə, Ağxəç, Almalı, Dağ Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qarsevən sovetliyinə daxil olan Mehri, Buğakər yaşayış məntəqələri, Kilit kəndinin bir hissəsi Ermənistana verilib. 1930-cu ildə Naxçıvana məxsus daha 3 kənd Ermənistana birləşdirilib. Lehvaz, Astazur və Aldərə kəndləri yenə də beynəlxalq zəmanət verilmiş muxtar respublika ərazilərindən ayrılaraq Ermənistana verilib. Təsadüfi deyildir ki, Ermənistana verilmiş Sultanbəy kəndinə 1935-ci ildə Bartsiruni, Qurdqulaq kəndinə 1946-cı ildə Boloraberd, Horadiz kəndinə 1968-ci ildə Oradis, İtqıran kəndinə 1991-ci ildə Nor Aznaberd kimi qondarma adlar qoymaqla Azərbaycan toponimləri saxtalaşdırılıb.