“Boşanmaların sayı hər gün artır. Bunun sayının artmasından da əlavə evliliyin müddəti də çox azalıb. Əvvəl 3-5-10 il evli qalıb sonra boşanırdılarsa, indi 1 ay sonra da boşanma mümkündür. Belə cütlükləri görürük”. Bu sözləri Yenisabah.az-a açıqlamasında psixoloq Gülnar Orucova deyib.
O, ailələrdə boşanmaların sayının artmasında cütlüklərarası intim münasibətlərdəki pozuntlulardan söz açıb: “Biz psixoloq olaraq, 2 insanın 3 il bərabər qalıb bir-birilərinə uyğunlaşmadığını görəndə məsləhət görürük ki, ayrılsınlar. Çünki 3 il müddəti cütlüklərin bir-birinə alışması və öyrəşməsi dövrüdür. Bu müddət ərzində isə uşaq dünyaya gətirmək bir o qədər də məqsədəuyğun deyil. Çünki həmin uşaq sonradan ata-ananın etdiyi səhvlərin və digər şeylərin travmasını yaşayır. Ona görə də bu müddət ərzində uşaq dünyaya gətirmək məsləhət deyil”.
O deyib ki, Azərbaycanda boşanmaların ən böyük səbəbi xəyanətdir: “Doğrudur, burada bəzən ailə-məişət problemləri, zorakılıqlar, qadınların şiddət görməsi və imkansızlıq olsa da, bunun əsas səbəbi konkret olaraq xəyanətdir. Xəyanətin də kökündə bir-birini seksual təminetməmə mövcuddur. Daha doğrusu, kişi öz intim tələbatı ödənmədiyi üçün xəyanət etməyə meyllənir”.