Pravda.az millət vəkili Fazil Mustafanın Axar.az-a müsahibəsini təqdim edir:
- Necəsiniz, özünüzü necə hiss edirsiniz, müalicəniz davam edirmi?
- Hazırda müalicəm gedir, özümü normal hiss edirəm. Yeriyə də bilirəm. Yaralarımın tikişlərinin sökülməsi 1-2 günə gerçəkləşəcək. Demək olar ki, xüsusi bir ağrılarım yoxdur. Əsas reablitasiya ilə bağlı qarşı problemlər durur. Onları da həkim məsləhəti ilə mərhələli şəkildə həyata keçirəcəyik. Ümid edirəm ki, yaxın aylarda tam şəkildə aktiv fəaliyyət göstərmə səviyyəsində fəaliyyətə başlaya biləcəm.
- 27 martda harada idiniz? Evə nə vaxt gəldiniz? Bu sualı verməyimizin səbəbi var: Terror sifarişləri üçün tarixlərin təsadüfən seçilib-seçilmədiyini öyrənmək istəyirik. 27 yanvarda Tehrandakı Səfirliyimizə hücum olmuşdu. 28 martda millət vəkilimizə hücum edildi... Ümumiyyətlə, hər gün evə təxminən neçədə gəlirsiniz? Həmin gün istisna idi, yoxsa standart qrafikiniz elədir?
- 27 mart tarixində iftardaydım. Evə də iftardan sonra, təxminən saat 11-də qayıtmışdım. Hər hansı təhlükə də hiss etməmişdim. Bütövlükdə evə gediş-gəliş vaxtım bəlli deyil və 28 martda da evdən getmək fikrim yox idi. Sonradan dostlarla iftar süfrəsində görüş təyin etdik. Ona görə də bütün günü evdə oldum, yalnız saat 7-nin yarısı evdən çıxdım. Görünür, qayıdandan sonra məhz bu vaxta salmağı planlaşdırıblar. Gedişimdən hansısa formada xəbər tutulub ki, pusqu quraraq gəlişimi gözləyiblər. Adətən evə konkret vaxtda qayıtmıram. İftardan çıxandan sonra təqribən saat 10-a qalmış evə dönməli idim. Həm də işa namazımı evdə qılmağı nəzərdə tutduğuma görə, çox gecikməli deyildim. Buna görə də iftardan sonra orada axşam namazımı qıldım və çay süfrəsi də bitəndən sonra evə gəlməyi qərarlaşdırdım. Yəni ortaya xüsusi proqramım çıxmadı ki, ləngiyim. Məni orda gözləyənlərin bir neçə saat gözləməsi də mümkün idi, çünki qərar verilmişdi ki, pusqu qurulsun və atəş açılsın.
- Sizə qarşı hücumun guya edilmədiyi haqda ölkədən kənardan bəzi iddialar səsləndirilirdi. Bir neçə gün əvvəl isə terror hücumu anının görüntüləri ortaya çıxdı. Qonşu həyətdəki kamera vasitəsilə qeydə alınmışdı. O görüntüləri hücumun səhərisi günü yaymaq olmazdımı?
- Bu hücumun edilmədiyi haqda əslində sadə, sıradan informasiya yayılması məsələsi kimi baxmaq olmaz. Bu, bütövlükdə məqsədyönlü şəkildə nəzərdə tutulmuş dezinformasiyalardır. Birinci atəş açılır və bunların istədiyi kimi nəticələnmir, ölüm baş vermir. Baş vermirsə, onda bu hadisənin üçüncü qüvvə tərəfindən törədildiyi barədə dezinformasiyalar ortaya atılır. Ardınca isə bunun ümumiyyətlə baş vermədiyi iddia olunur. Daha sonra baş versə belə oyun olduğunu göstərməyə çalışırlar. Yəni bu ssenari qurulmuşdu. Orada da kifayət qədər kamera görüntüləri var idi, amma konkret hansı kameraya düşməyim barədə bilgiyə sahib deyiləm. Yəni bildiyim odur ki, müəyyən məsələlər kamera görüntülərindən də ortaya çıxır. O baxımdan da bu kimi məsələlərdə məncə bir tərəddüd yoxdur. Kamera görüntülərinin yayılmasına gəlincə, bu mənim əlimdə deyildi, xəstəxanadaydım. Mən xəstəxanadan çıxandan sonra bir çoxları yayılmağa başladı. Ondan sonra nə baş verdiyi barədə məlumatım oldu. Ona qədər mənim də ciddi məlumatım yox idi. Sadəcə səhhətimlə bağlı problemlərlə məşğul olurdum. Amma bir sıra məsələlər var ki, ona vaxtında daha tez aydınlıq gətirmək olardı. Bəzi məsələlər də istintaqla bağlı idi. Situasiyanı mən özüm idarə edə bilmədiyim üçün bunun niyə edilmədiyi barədə bir şey söyləyə bilmərəm. Bunu özüm evə çıxandan sonra bir sıra məsələlərin cavabsız qalmaması üçün müəyyən informasiyaların, görüntülərin təqdim olunmasını məqbul hesab elədim və bu da yayıldı.
- İlk gün verdiyiniz açıqlamada ikinci güllənin sizə evə gedərkən dəydiyini açıqlamışdınız. Real TV-yə açıqlamanızda, daha sonra isə maşınınızdan yayılan görüntüdə güllənin ayağınıza da maşında dəydiyi üzə çıxdı. Bunu necə izah edə bilərsiniz? Doğrudanmı ilk gün ayağınızdan güllə yarasını evə gedərkən aldığınızı zənn edirdiniz? Yəni ikinci güllənin ayağınızdan dəydiyini maşında olarkən hiss etməmişdiniz?
- Həqiqətən də ilk dəfə mən ayağıma güllə dəydiyini hiss etməmişdim. Ancaq həyətə girəndə hiss etdim. Amma çiynimə dəyən gülləni dərhal hiss etdim. Məndə elə təsəvvür var idi ki, ayağıma sonradan güllə dəyib. Sonradan araşdırmalar onu göstərir ki, birinci elə ayağıma altdan oturacağı deşərək, mühərrik qutusunu da dağıdaraq dəyib. İlk zərbəni də ayağımdan almışam. Bunu mən maşında olarkən hiss etmədim. Və ona görə də ilkin açıqlamamda elə təsəvvürüm var idi ki, maşında ancaq mənim çiynimdən güllə dəyib və ayağımdan isə yerdə olarkən dəyib. Lakin mən maşından düşəndən sonra mənə güllə dəyməyib. Çünki maşın məni qorumuşdu. Maşının ön işıqlarının yanması məni görməyə mane olurdu. Maşının içində mənə iki güllə dəyib. Ona görə də Real TV-də bunu aydın şəkildə bildirdim. Çünki ona qədər artıq informasiyaları dəqiqləşdirib məni harda vurduqları, nəyin necə dəydiyi barədə bilgiləri, videogörüntüləri də göndərmişdilər. Çünki qardaşım və yaxın adamlar ev kamerasında müəyyən elementləri mənə çatdırmışdılar. Ordan da məndə qəti əminlik yarandı ki, həqiqətən də iki güllə də ayağıma maşının içində dəyib. Sadəcə sümüyə dəymədiyi üçün yeriməyə imkanım oldu. Sümüyə dəysəydi, yeriməyim çox çətin olacaqdı. Diz qapağına güllə dəyməmişdi. Daha çox ondan yuxarı hissəni deşib keçmişdi. Amma bədənimdə hər hansı bir giliz qalmamışdı. Çünki güllə hər iki yarada da açıq göründüyü kimi, deşib keçmişdi. İran xüsusi xidmət orqanlarının daha çox yönləndirilməsi ilə xaricdə oturan trolların vəsaiti ilə müəyyən bir dezinformasiya yaymağa çalışan qüvvələr guya burda bir səhv axtarmağa, guya bizim yalan danışdığımızı söyləməyə cəhd etdilər. Amma dediyim kimi informasiyanı mən orda görə bilməzdim. Mən o basqının, güllə yağışının altında nəyin baş verdiyini özüm də təsəvvürümə gətirə bilmirdim. O baxımdan da yəni orda ola bilsin ki, detallarda uyğunsuzluq ola bilər. Real TV-yə verdiyim müsahibə daha dəqiq idi. Çünki orda artıq həkimlər də müəyyən etmişdi ki, birinci güllə ayaqdan dəymişdi.
- Hamını düşündürən bir sual da var: niyə məhz Fazil Mustafa seçildi? Bu, uğursuz seçim deyilmi? Axı, siz ibadət edən, namaz qılan, oruc tutan bir şəxssiniz. Bu baxımdan Rafiq Tağıya hücumla sizə hücum arasında böyük fərq var.