Orucluqdan sonra şadlıq evlərində menyunun bahalaşacağı bildirilir. Artıq bir neçə gündən sonra toylar başlayır. Yeni qiymətlər olacaq.
Bəs məşhur müğənnilər necə, toy qiymətinə yenidən baxacaqlarmı?
Məsələ ilə bağlı Globalinfo.az ifaçılar arasında sorğu keçirib.
Xalq artisti Bilal Əliyev deyib ki, ölkədə yalnız şadlıq saraylarında deyil, ümumiyyətlə hər yerdə qiymət artımı müşahidə olunur:
"Hələ şadlıq evlərindəki qiymət artımı ilə bağlı heç bir məlumatım yoxdur. Belə düşünürəm ki, əgər menyu bahalaşsa, biz də şadlıq evinin rəhbərləri ilə danışıqlarımız zamanı xahiş edəcəyik ki, bizim də qonorarımızı bir balaca artırsın. Əvvəl çox qazanıb az işləyirdiksə, indi çalışacağıq ki, çox işləyib, çox qazana bilək”.
Əməkdar artist Nigar Şabanova da məbləği artırmayacağını bildirib:
"Camaatın evini yıxa bilmərəm. Allahından şadlıq sarayları qiyməti o qədər qaldırıb ki, müğənniyə qonorarı artırmağa yer qalmır. Toy sahibi bilmir qızıl, paltar, cehiz və ya ev alsın, balasına normal toy edib xonça tuta bilsin yoxsa, toydan qalan pulu şadlıq evinə verib getsin. Camaatın nəfəsini kəsmək olmaz. Qiyməti artırmağı düşünmürəm”.