Neftçala rayonunda 1993-cü il təvəllüdlü Daşqın ailə münaqişəsi zəminində həyat yoldaşı Ləmana (adlar şərti verilib - red.) xəsarət yetirib.
Pravda.az teleqraf.com-a istinadən bildirir ki, hadisə bu il yanvarın 3-də saat 23 radələrində Neftçala rayonunun qəsəbələrindən birində baş verib.
Daşqın birgə yaşadıqları evdə ailə-məişət münasibətləri zəminində mübahisə zamanı yumruqla arvadının üzünə, qayçı ilə isə sağ diz nahiyəsinə vurub.
İstintaq orqanı tərəfindən Daşqın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qəsəbədə ailəsi ilə birlikdə yaşayır: "Ləmanla 2008-ci ildən evliyəm. Birgə nikahdan 2022-ci ildə oğlumuz dünyaya gəlib. Son zamanlar ailədə yola getmədiyimiz üçün aramızda dəfələrlə mübahisə və münaqişələr olub. Hətta boşanma həddinə çatmışıq".
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan əvvəl də, 21 noyabr 2022-ci ildə Ləmanla mübahisə zamanı onu döyüb: "Həmin vaxt Ləmanın şikayəti əsasında Neftçala rayon polis şöbəsinin təhqiqat qrupunda araşdırma aparıldı. Barəmdə Cinayət Məcəlləsinin 128-ci maddəsi məhkəməyədək sadələşdirilmiş icraat materialı toplanaraq baxılması üçün Neftçala rayon Məhkəməsinə göndərildi. Məhkəmədə Ləmanla barışdığımız üçün məhkəmə tərəfindən işə xitam verildi".
Təqsirləndirilən şəxsin ifadəsinə görə, sonuncu dəfə 31 dekabr 2022-ci ildə aralarında mübahisə olduğu üçün evdən çıxıb: "Həmin vaxtdan Neftçala şəhərində yaşayan bacımın evində qaldım. Ləman isə azyaşlı oğlumla birlikdə evdə tək qaldı.
Sonradan Ləmanın başqa bir şəxslə əlaqəsindən şübhələndiyim üçün onu izləməyə başladım. 3 yanvar 2023-cü ildə saat 22.30-da Ləmanla birgə yaşadığımız evə gəldim. Evdə Ləmanın Neftçala şəhər sakini kimi tanıdığım Elmin adlı şəxslə olduğunu gördüm. Mübahisə zamanı Elmin evdən çıxaraq oradan uzaqlaşdı. Yumruqla Ləmanın sifətinin sol nahiyəsinə, əlimdə olan qayçı ilə isə sağ diz nahiyəsinə vuraraq ona xəsarət yetirdim. Sonra isə qayçını cibimə qoyub evdən çıxdım. Əsəbi halda bacımın evinə getdim. Yolda gedərkən bacımın evinin yaxınlığında qayçını orada olan kanala tulladım".