“Azərbaycan dövləti fevralın 6-da dağıdıcı zəlzələnin baş verdiyi Türkiyənin Kahramanmaraş şəhərindəki Azərbaycan bulvarı və Heydər Əliyev prospektində abadlıq-quruculuq işlərinin aparılmasına dəstək verəcək”. Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.
O, nümayəndə heyəti ilə birgə Kahranmaraş şəhərinə səfər etdiyini, zəlzələnin dəhşətli nəticələrinin şahidi olduqlarını bildirib: “Çoxmərtəbəli binaların hamısı ya dağılıb, ya da zədələnib. Həqiqətən dəhşətli bir mənzərədir. Dağıntıya məruz qalmış şəhəri gəzdik. Kahramanmaraş yenidən tikilməlidir”.
A.Əliyev Azərbaycanın Türkiyəyə qardaş dəstəyinin davam edəcəyini vurğulayıb: “Bilirsiniz ki, zəlzələnin ilk saatlarından etibarən Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanın bütün dövlət qurumları Türkiyəyə yardım üçün səfərbər olundular. Eləcə də xalqımız qardaş Türkiyə xalqına əlindən gələn köməkliyi göstərdi. Azərbaycan Türkiyənin bütün zəlzələ bölgəsinə dəstəyini əsirgəmədi və bu fəaliyyətlər hələ də davam edir”.