Lənkəran rayonunda kişini döyərək qadın paltarı geyindirən və onu ictimai yerlərdə nümayiş etdirən ata və iki oğlu məhkəmə qarşısına çıxarılıb. “Qafqazinfo” xəbər verir ki, rayonun kəndlərindən birinin sakini olan 1969-cu il təvəllüdlü V.Məmmədli (bütün ad və soyadlar şərtidir), onun 1997 və 1998-ci il təvəllüdlü iki oğlu Cinayət Məcəlləsinin 145-ci və 221-ci (Qanunsuz azadlıqdan məhrumetmə və xuliqanlıq) maddələri ilə təqsirləndiriliblər.
Araşdırmalar zamanı məlum olub ki, ötən ilin avqustunda 25 yaşlı oğlana kənddə yaşayan subay bibisinin həmkəndlisi olan Mirzə adlı şəxslə görüntülərini əks etdirən video göndərilib. O, məsələ ilə bağlı atasını və qardaşını məlumatlandırıb.
Daha sonra kənddə xeyli insanın bu məsələdən xəbərdar olduğunu görən V.Məmmədli oğulları ilə birgə bacısı ilə münasibəti olan şəxsi cəzalandırmaq qərarına gəlib. V.Məmmədli həmin şəxsi taparaq onu kənddə biabır etmək üçün plan qurub. O, bacısını həmin şəxsin yaşadığı evə göndərərək onu küçəyə çağırtdırıb, özü və oğulları isə kənarda pusquda dayanıb. Mirzə qadının çağırışı ilə küçəyə çıxdıqda onlar “Toyota” markalı avtomobillə qəfil hərəkət edərək həmin şəxsi yaxalayıblar və zorla maşına mindiriblər. Avtomobili kənddən kənardakı çayın sahilinə sürdükdən sonra ata və iki oğlu Mirzəni düşürərək döyüblər və ona qadın ətəyi və qadın köynəyi geyindiriblər.