Aprelin 20-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Milli Məclisdə Azərbaycan Respublikasının Almaniyanın Baden-Vürttemberq Federal torpağında (Ştuttqart) Fəxri konsulu Otto Hauzerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Adil Əliyev Azərbaycan-Almaniya münasibətlərindən, ökələrimiz arasındakı dostluq əlaqələrindən bəhs edərək, iki ölkə arasında artan ticarət dövriyəsinin hər iki ölkənin maraqlarına uyğun olduğunu qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin Avropa İttifaqı ölkələri ilə, xüsusilə də Avropanın ən inkişaf etmiş ölkəsi olan Almaniya ilə səmimi dostluq münasibətlərinə əsaslanan qarşılıqlı əməkdaşlığı intensivləşdirməsi respublikamızın etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə səbəb olub. Azərbaycan-Almaniya münasibətləri son illərdə siyasi-iqtisadi mahiyyət kəsb etməklə yanaşı, humantiar, sosial, elm, təhsil, səhiyyə, idman, turizm, infrastruktur sahələrini də əhatə edərək, əməkdaşlığın dinamizmini daha da sürətləndirib. Dövlət başçısının cari il martın 13-14-də Almaniyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsinə və əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verib. Vurğulanıb ki, Azərbaycan Avropada enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan və Qərb ölkələrinin neft və qaz məhsullarına olan tələbatını yüksək səviyyədə təmin edən etibarlı tərəfdaşdır.
Adil Əliyev Otto Hauzerə bölgədə post-münaqişə dövründə yaranmış vəziyyət barədə də məlumat verib, Ermənistanın hələ də sülh müqaviləsini imzalamadığını, bu prosesə əngəllər yaratdığını diqqətə çatdırıb.