Xəbər verdiyimiz kimi, aprelin 21-də Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib. Partiya sədri dələduzluqda təqsirləndirilib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb.
Xatırladaq ki, Anar Əsədli bir müddət əvvəl tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı. Şikayətçilər Anar Əsədlini onlara olan borclarını qaytarmamaqda ittiham edirlər.
Mərhum eks-prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov Anar Əsədlinin həbsi ilə bağlı Musavat.com-a müsahibə verərək, sual doğuran bir sıra məsələlərə aydınlıq gətirib. Həmin müsahibəni təqdim edirik:
- İstərdik ki, daha əvvəldən başlayasınız. Necə oldu ki, bu hadisə baş verdi?
- 7 aydır ki, hüquqi proses başlanılıb. Mən hər zaman bu məsələ ilə bağlı mətbuata açıqlama verməkdən yayınmağa çalışdım və düşündüm ki, məsələ normal şəkildə həllini tapa bilər və başqa yönə istiqamətləndirilməz. Lakin təəssüf ki, həm bu müddət ərzində, həm də Anar Əsədlinin həbsi ilə bağlı informasiya yayıldıqdan sonra onun yaxınları tərəfindən “Facebook”-da müxtəlif statuslar paylaşıldı və mən bu günə qədər olan düşüncənin dəyişmədiyini gördüm.
Əvvəla belə bir hadisənin baş verməsinə təəssüf edirəm. Çünki Anar Əsədli ilə bizim uzun müddət münasibətlərimiz olub və bu münasibətlər nəticəsində hansısa iş birliyimiz yaranıb. Lakin sonda belə bir məqama gəldik.
Mən ötən gün Anar Əsədlinin müavinlərindən birinin “Facebook” statusunu oxuduqdan sonra düşündüm ki, artıq hüquqi proseslərdə bir mərhələ bitib və cəmiyyət üçün müəyyən aydınlıqlar gətirmək lazımdır. Çünki Anar Əsədlinin ətrafı, yaxınları o cümlədən vəkilləri hüquqi prosesdən qaçaraq, məsələni siyasiləşdirməyə cəhd etdilər, hansı ki, burada heç bir siyasi məsələdən söhbət gedə bilməz. Bizim aramızda baş verənlər sırf işlə bağlı məsələdir. Yəni iş adı ilə götürülmüş pulun geri qaytarılmaması ilə bağlı məsələdir ki, sonda bizi hüquq mühafizə orqanlarına gətirib çıxardı. Bunun da məsuliyyətini mən daşımıram. Çünki mən Anar Əsədliyə, həm də yaxınlarına dəfələrlə bildirdim ki, bizi başqa istiqamətlərə yönəndirməsinlər, məsələni həll etsinlər. Lakin başqa mənzərə ilə qarşılaşdım. Belə ki, ötən ilin oktyabr ayında hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra sosial şəbəkələrdə və ictimai rəydə mənə qarşı mənəvi terror başladıldı. Mənim və İlham Hüseynovun müraciətləri guya hansısa dövlət qurumu tərəfindən təşkil olunmuş iş, təzyiq adlandırıldı, məsələyə başqa don geyindirməyə çalışdılar. Ötən gün də onun müavini “Facebook” sosial şəbəkəsində status yazdı ki, “hər şey gözəl olacaq, Azərbaycanda partiya liderinin həbs olunması ilk dəfə deyil, yaxın zamanlarda hər kəs öz saatlarını AY saatına uyğunlaşdıracaq” və sairə.
- Gizlin deyilsə, açıqlayardınız. Anar Əsədli sizdən nə qədər pul almışdı? Bəzi iddialar var ki, bu pulu partiya işlərinə xərcləyib. Başqa versiyalar da var ki, şərik biznes qurmaq istəmisiniz. Bu iddiaların hansı doğrudur?
- Bir daha qeyd edirəm ki, Anar Əsədli ilə bizim tanışlığımız çox uzun zamana, 1997-ci ilə təsadüf edir. Həmin dövrdə onunla mərhum eks-prezident Elçibəylə Kələkidən qayıtdıqdan sonra tanış olmuşuq. Daha sonra münasibətlərimizdə bir yaxınlaşma baş verdi. Qeyd edim ki, onun ictimai fəaliyyətində mənim müəyyən yardımlarım, dəstəyim olub.
2016-cı ildə Anar Əsədli mənə Türkiyədə “ev alqı- satqısı, təmiri” biznesi ilə məşğul olduğunu bildirərək, ortaq işəlməyi təklif etmişdi və bununla əlaqədar olaraq məndən üst-üstə 150 min ABŞ dolları vəsait alıb. Bir müddət sonra Anar Əsədli bildirdi ki, Türkiyədə iqtisadi vəziyyət yaxşı olmadığına görə 2018-ci ilin sentyabrın sonlarında həmin vəsaiti Azərbaycana qaytarıb və burada qızıl və zinət əşyalarının satışı ilə məşğul olan qohumu ilə birgə biznes işinə yatırıb. Bundan əlavə, həmin vəsaiti alan zaman guya bu vəsaitin 50 min dollarını da Türkiyədə xəstəxana tenderi xərclərinə yönəldib. Ondan sonrakı dövrdə müşahidə etdim ki, Anar Əsədlinin dediyi məsələlər bu prosesə uyğun gəlmir və 2020-ci ilin sonlarında müəyyən ortaq tanışlar vasitəsilə mənə məlum oldu ki, onun digər şəxslərlə pul məsələsində problemləri var. Ona görə də mən 2021-ci ilin yanvar ayında bu vəsaiti nə zaman qaytaracağı ilə bağlı soruşmuşam, o da bildirib ki, 2021-ci ilin mart ayında bu vəsaiti qaytaracaq. Lakin bu barədə mart ayında soruşanda qaytaracağı vaxtı iyun ayı deyib, iyunda soruşanda isə sentyabrda qaytaracağını deyib. Sentyabrda razılaşdıq ki, noyabr ayının əvvəlində vəsait tam şəkildə geri qaytarılacaq. Lakin sonrakı dövrdə Anar Əsədli bu istiqamətdə heç bir addım atmadı, 2021-ci ilin mart ayından başlayaraq artıq mənimlə təmaslardan yayındı, buna görə də məsələ daha gərgin xarakter aldı.
- Son olaraq Anar Əsədli ilə nə zaman danışmışdınız?
- Son olaraq üzbəüz görüşümüz ötən ilin mart ayında olub. Daha sonra isə oktyabrın 28-də, yəni biz artıq şikayət verdikdən sonra görüşmüşdük.
- Sizə nə deyirdi? Bu pulu niyə qaytara bilmirdi. Özünün hər hansı bir formada izahatı var idimi?
- Bizim aramızda olan danışıqlarda, yazışmalarda bildirirdi ki, guya 1 gün, iki gün, 1 saat, 2 saatdan sonra qaytaracaq. Bu cür vədlər verərək deyirdi ki, guya pul gələcək, borcunu göndərəcək. Amma bunların heç biri həyata keçirilmədi. Daha sonra faktiki olaraq pulu geri qaytarmaqdan imtina etdiyini bildirib. Hələ o zaman hüquq mühafizə orqanlarına müraciət etmək haqqında düşündüm. Lakin bizim ortaq tanışlarımız dövriyyəyə girdilər, onunla söhbət apardılar. Bu zaman da öhdəlik götürdü ki, sentyabr ayında bu vəsaiti tam şəkildə geri qaytaracaq.
Sonuncu dəfə oktyabr ayında ondan soruşanda ki, nədən borcu ödəməkdən qaçırdın?, mənə cavab verdi ki, pul yox idi. Mən də dedim ki, pul yox idisə, təklifim var idi ki, oturub bu məsələləri danışaq. Lakin təəssüf ki, Anar Əsədli o zaman da mənim bu təklifimdən imtina etmişdi.
Bir dəfə mənə yazdığı mesajda bildirmişdi ki, guya evini satışa çıxarıb, onu satıb, mənə borcunu geri qaytaracaq. Təbii ki, bu da baş vermədi. Hətta torpaq sahəsi olduğunu, onu borc əvəzi mənim adıma keçirmək istədiyini və həmin torpaq sahəsinin çox bahalı olduğunu demişdi. Mən isə cavabımda demişdim ki, əgər belədirsə, sən o torpaq sahəsini sat, necə ki, borcu sənə pul şəklində vermişdim, eləcə də pul şəklində mənə geri qaytar. Təbii ki, onun dediyi rəqəmlər yalandır. Biz həmin əraziyə mütəxəssislər aparmışdıq və dəyərləndirmə zamanı bildirilmişdi ki, həmin torpaq sahəsinin qiyməti Anar Əsədlinin dediyi qiymətdən dəfələrlə ucuzdur.