CİNAYƏT İŞİ
Qısa arayış...
2019-cu il sentyabrın 3-ü saat 14 radələrində qarnından aldığı bıçaq yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən 1976-cı il təvəllüdlü Əflan İskəndərov ölüb.
Dərhal polis və prokurorluq əməkdaşları hadisə ilə bağlı araşdırmalara başlayıblar. Məlum olub ki, Binəqədi rayonu hadisə 6-cı mikrorayon, Mirmahmud Kazimovski küçəsi, 112B ünvanında yerləşən “Dəfnə” çay evində baş verib.
Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Səhərisi gün Turxan İsmayılov rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə könüllü gələrək, təslim olub və bıçağı polis əməkdaşlarına təqdim edib.
Turxan İsmayılov 1992-ci ildə Gürcüstan Respublikasında anadan olub. Bakı Hərbi Məhkəməsinin 2013-cü il tarixli hökmü ilə CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Daşkəsən rayon məhkəməsinin 2018-ci il tarixli hökmü ilə CM-nin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə 1 il müddətinə islah işləri cəzasına, Nəsimi rayon məhkəməsinin 2019-ci il tarixli hökmü ilə CM-nin 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə 1 il müddətinə islah işləri cəzasına məhkum olunub. Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib. İstintaqla müəyyən edilib ki, Turxan İsmayılov ov bıçağını şalvarının kəmərinə keçirərək, sentyabrın 3-ü saat 15 radələrində tanışları Anar Məmmədov, Coşqun Əliyev və Əflan İskəndərovla birlikdə, Əflanın idarə etdiyi “Mercedes” markalı avtomobillə 6-cı mikrorayonda yerləşən “Dəfnə” çay evinə gəlib. Orda əvvəlcədən sifariş etdikləri otağa keçdikdən sonra, Əflan İskəndərovun telefonla danışarkən, nalayiq ifadələr işlətməsini bəhanə edib, onunla mübahisə etməyə başlayıb. Əsaslı səbəb olmadan, üzərindəki bıçağı çıxarıb, İskəndərovun qarın nahiyəsinə güclü zərbə vurub və nəticədə zərərçəkmiş xəstəxanada ölüb.
İş üzrə dindirilmiş Turxan İsmayılov bildirib ki, Əflan İsgəndərovu hadisədən 1 ay əvvəl Coşqun Əliyevin vasitəsi ilə tanıyıb. Əflan Coşqunun evində usta kimi işləyib. Turxan avqustun 21-də gözünü müayinə etdirməkdən ötrü Daşkəsən rayonundan Bakıya gəlib və Coşqunun kirayə tutduğu mənzildə qalıb. Sentyabrın 3-də Əflan Coşquna zəng edərək, ad günü olduğunu və gəlib, onları kafeyə aparacağını deyib. Saat 14 radələrində İsgəndərov özünə məxsus avtomobillə gəlib, “Memar Əcəmi” metrostansiyasının yaxınlığından onları götürüb və birlikdə 6-cı mikrorayonda yerləşən “Dəfnə” çay evinə yollanıblar. Ora daxil olanda Əflanın telefonuna zəng gəlib və o, danışarkən, kiminsə ünvanına ucadan söyüş söyməyə başlayıb. Turxan yaxınlaşıb Əflana söyüş söyməməsini və ətrafdakı şəxslərə hörmətsizlik etməməsini bildirib.
Bu zaman İsgəndərov telefon danışığını bir anlıq saxlayaraq, üzünü çevirib, nalayiq ifadə ilə onu təhqir edib. Ona “sən məni tanımırsan? bu nə sözlərdir mənə deyirsən” söyləyəndə, aralarında qısa müddətli mübahisə olub. Turxan kəmərindən bıçağı çıxarıb, bir dəfə Əflanın qarnına zərbə vurub. Coşqunla Anar onları aralamağa çalışıblar. Əflan əli ilə qarnını sıxıb, həkim çağırmaqlarını istəyib. Yaralanan şəxsi orda qoyaraq, kafedən çıxıblar. Turxan elə həmin gün Anar və Coşqunla Şirvan şəhərinə gedib. Sentyabrın 4-də Bakıya qayıdıb. 4-cü Polis Şöbəsinə gələrək, təslim olub.