Bu müsahibəni artıq uzun müddətdir doğmalarını və yaxınlarını görməyən ağ xalatlı insanların ünvanına minnətdarlıq sözləri ilə başlamaq istərdim. Onlar demək olar ki, bütün vaxtlarını xəstəxanalarda, koronavirus infeksiyası ilə mübarizə aparan xəstələrin yanında keçirirlər. Əgər həkimlər qalib gələ bilsələr, yaxşıdır... Vətəndaşlardan istədikləri yeganə şey karantin rejiminə riayət etmək, özlərinin və yaxınlarının sağlamlığı naminə evdə qalmaqdır.
Azərbaycandakı pandemiya xəstəxanasının direktoru Emin Hüseynin müsahibəsini təqdim edirik:
- Sizin xəstəxanada yalnız təsdiqlənmiş koronavirus infeksiyası olan xəstələr yerləşdirilib?
- Bəli, bizim xəstəxanamız pandemik statusa sahibdir. Bizdə yalnız COVID-19-a yoluxma təsdiqlənmiş şəxslər yerləşdirilir. Vəziyyətdən asılı olaraq, xəstə bir və ya iki yerlik palataya təyin olunur. Bir qayda olaraq, bir palatada ikidən çox xəstə olmur.
- Təcili yardıma koronavirus simptomları olan bir vətəndaşdan zəng daxil olubsa, bundan sonra nə baş verir?
- Həkimlər çağırışa gedir, vəziyyəti qiymətləndirirlər və xəstənin halından asılı olaraq analiz üçün material götürməyə qərar verirlər.
- Nəticələr hansı müddətdən sonra məlum olur?
- Bu, laboratoriya və həkimlərin iş yükündən asılıdır. Adətən, bir neçə saatdan iki günə qədər çəkir. Təbii ki, həkimlər xəstənin vəziyyətini də nəzərə alırlar. Eyni zamanda, nəticələr məlum olana qədər insanı təcrid olunmağa, evdən çıxmamağa, yaxınları ilə ünsiyyət zamanı təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırırlar.
- Əgər testlər koronavirus infeksiyasının olduğunu göstəribsə, o zaman xəstənin vəziyyətindən asılı olmayaraq xəstəxanaya yerləşdirilir?
- Bəli, xəstənin vəziyyətindən asılı olmayaraq xəstəxanaya yerləşdirirlər. COVID-19 yayılan bəzi Avropa ölkələrində yüngül simptomları olan xəstələr xəstəxanaya yerləşdirilmir. Bu, xəstəxanalarda yer və tibb işçilərinin çatışmazlığı ilə əlaqədardır. Azərbaycanda vəziyyət nəzarət altındadır, bizdə başqa cür yanaşma qüvvədədir.
- Belə çıxır ki, bizim xəstəxanalarımızda simptom daşımayan xəstələr də var?
- Bəli, yeri gəlmişkən, onlar heç də az deyil.
- Onları necə müəyyənləşdirirlər?
- Bir qayda olaraq, təsadüfən. Məsələn, ağır simptomları olan bir xəstə xəstəxanaya yerləşdirildikdən sonra onun əlaqədə olduğu insanları testdən keçirməyə başlayırlar. Simptom daşımayan xəstələr də bu cür insanlar arasında müəyyən olunur.
- Onları necə müalicə edirlər?
- Dünyada, dediyim kimi, simptom daşımayan xəstələrə fərqli yanaşmalar var. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mütəmadi olaraq müxtəlif ölkələrdə müalicəyə yanaşmalar haqqında məlumat toplayır. Üstəlik, ÜST-ün tövsiyələri gündəlik olaraq yenilənir. Virus nisbətən yenidir, hələlik əsaslana biləcəyimiz elmi baza yoxdur. Bir sıra ölkələrdə simptomları olmayan xəstələr, ümumiyyətlə, müalicə edilmir. Onlara sadəcə, gözləmək tövsiyə edilir. Bizdə yüngül virus əleyhinə preparatlarla simptomatik müalicədən istifadə edilir.
- Bütövlükdə, koronavirus infeksiyası olan xəstələr necə müalicə olunur? Söhbət ağır xəstəlik simptomları olanlardan gedir.
- Onlara virus əleyhinə terapiya tətbiq olunur, xlorixin, azitromisin və digər (ritonavir + lopinavir) dərmanlar verilir. Bununla yanaşı, qanın oksigenlə zənginlik səviyyəsini - nəbz oksimetriyasının köməyi ilə saturasiyasını mütəmadi olaraq yoxlamaq lazımdır. 90-dan aşağı göstəricilərdə xəstəyə oksigen maskası qoşulur, 80-dən aşağı göstəricidə isə ağciyərlərin süni ventilyasiyası aparatından istifadə edilə bilər.
- Xəstəxanalarda süni ventilyasiya aparatları kifayət edirmi?
- Xoşbəxtlikdən xəstəxanamızda ağır xəstələr yoxdur və biz hələ də bu cihazlardan istifadə etməmişik. Amma ağciyərlərin süni ventilyasiya cihazları hər xəstəxanada ehtiyatı ilə birgə mövcuddur. Bizdə oksigen maskası qoşulan xəstələrimiz var. Deyə bilərəm ki, bütün pandemik xəstəxanalar (onların sayı respublika üzrə 22-dir - red.) lazımi avadanlıqlar, tibbi qoruyucu vasitələr və preparatlarla təchiz edilib.
- Xəstələrin yaşı və vəziyyəti barədə bir az danışın.
- Yoluxmuşlar arasında ən çox orta yaşlı insanlardır (19 yaşdan 50 yaşa qədər). Bu, əhalinin daha fəal qrupudur, onlar çalışırlar, insanlarla daim təmasda olurlar, ictimai nəqliyyatdan istifadə edirlər. Reallıq yalnız Azərbaycanda deyil, koronavirusun yayıldığı bütün ölkələrdə belədir. 60 yaşdan aşağı insanlarda xəstəlik daha yüngül formada davam edir (yanaşı xəstəlikləri olan xəstələr istisna olmaqla), bəzən hətta asimptomatik olur. Faiz nisbətində yaşlı xəstələrin sayı azdır (xəstələrin ümumi sayının 10-15%-i), çünki onların həyat tərzlərini passiv adlandırmaq olar, nadir hallarda ictimai yerlərə baş çəkirlər. Ancaq onların xəstəliyi daha ağır keçir, buna görə də, həmişə həkimlərin yaxından nəzarəti altında saxlanılırlar.
- Xəstəxanada uşaqlar var?
- Var, onların sayı çox deyil. Ancaq yaşlılardan fərqli olaraq, onlarda xəstəlik yüngül formada keçir.
- Risk zonasında kimlər yerləşir?