“Kulis.az” Xalq artisti Ağahüseyn Cavadov haqqında maraqlı faktları təqdim edir.
Ağahüseyn Xəlil oğlu Cavadov 1894-cü il aprelin 22-də Bakının Xırdalan qəsəbəsində doğulub. Anası Hürmət xanımın ən böyük arzusu oğlunu savadlı bir insan kimi görmək idi. Bunun üçün də o, oğlunu əvvəlcə mollaxanaya aparır. Daha sonra Ağahüseyn Cavadov Bakıda, “Səadət” məktəbinə daxil olur. 1919-cu ildə həmin məktəbi bitirsə də, maddi vəziyyəti ona təhsilini davam etdirməyə imkan vermir. Məcburiyyət qarşısında qalan Ağahüseyn ailəsinə kömək məqsədi ilə tacir yanında işləməyə başlayır.
İşləməklə bərabər imkan tapan kmi teatr səhnələrində göstərilən tamaşalara baxmağa gedən Ağahüseyn Cavadov sevdiyi aktyorların ifasına heyran qalır. Nə zamansa onlarla birgə səhnəyə çıxacağını arzu edir.
1920-ci ildə Azərbaycan Hərbi Komissarlığının Siyasi İdarəsinin yaratdığı teatrın Azərbaycan bölməsində aktyor kimi fəaliyyətə başlayır. Bölməyə Sidqi Ruhulla rəhbərlik edir. Ağahüseyn Cavadov həmin teatrda səhnəyə qoyulan Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”, “Ac həriflər”, Soltanməcid Qənizadənin "Xor-xor", "Dursunəli və ballıbadı", Mirmahmud Kazımovskinin “Molla Cəbi”, “Daşım-daşım” pyes və vodevillərinin tamaşalarında iştirak edir.
1921-ci ildə yeni yaradılmış Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət alır. Həmin teatrdakı fəaliyyəti yaradıcılığının ən maraqlı dövrü olur. Sonralar bu teatr Gəncə şəhərinə köçürülür. Aktyor burada “Bəxtsiz cavan”, “Pepo”, “Namus”, “Morqanın qohumu” adlı tamaşalarda çıxış edir.
1930-cu illərin sonlarında sovet hakimiyyətinin repressiya siyasəti çoxlarının həyatını məhv edir. Həbslər başlananda Ağahüseyn Cavadovun da başının üstünü təhlükə alır. O, həbs olunacağını hiss edib, bir müddət uzaqlaşmaq, yaddan çıxmaq üçün Gəncəni tərk edib, Bakıya köçür və bununla da repressiyadan canını xilas edə bilir.
1938-ci ildə yeni təşkil olunan Azərbaycan Dövlət Musiqili Komediya Teatrına Ağahüseyn Cavadov da dəvət olunur. Beş ildən sonra o, Akademik Milli Dram Teatrının truppasına qoşulur və ömrünün sonunadək bu teatrda işləyir. Burada o, “Nişanlı qız”, “Almaz”, “Dönüş”, “Solğun çiçəklər”, “1905-ci ildə”, “Həyat”, “Yadigar”, “Əcəb işə düşdük”, “Müfəttiş”, “Canlı meyit”, “Şeyx Sənan”, “Mənim günahım” tamaşalarında maraqlı rollar yaradır.
Ədəbi əsərlərimizin bir çoxunun efirdə və mavi ekranda səslənməsində Ağahüseyn Cavadovun xidməti böyük oldu.
Filmlərdə yaddaqalan rollar yaradıb. “Bəxtiyar”da Rza, “Görüş”də Əbülfəz rolu tamaşaçılar tərəfindən çox sevilir.
Sonralar o, "O olmasın, bu olsun", “Qızmar günəş altında”, “Əhməd haradadır?”, “Kölgələr sürünür”, “Bir qalanın sirri”, “Sehrli xalat”, “Şərikli çörək”, “İstintaq davam edir”, “Mən ki gözəl deyildim”, “Bizim Cəbiş müəllim” və s. filmlərdə epizodik, amma yaddaqalan obrazlar yaradır.