“Ümumiyyətlə, həm müxalifətin, həm də bloqerlərin, söyüş söyənlərin, ümumi vətəndaşların, başı çıxan-çıxmayan insanların, yaxud adını “ekspert” qoyanların içində bir kəsim insan var ki, cəmiyyətimizin maraqları ilə, həqiqətlə uyuşmayan fikirlər səsləndirirlər. Azərbaycan Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsi qurub. Bu, böyük uğurdur, tarixi qələbədir. “Kim birinci qurdu, niyə Ermənistan əvvəl qurmuşdu, biz sonra qurduq...” Sizə nə aidiyyatı var? Əcəb edib indi qurmuşuq. Başları çıxdı-çıxmadı danışırlar. Bunlara elə hər şeyin üzərinə kölgə salmaq lazımdır. Necə yəni Ermənistan birinci qurdu, sonra biz? Azərbaycanın üzərinə təzyiqlər var, imkan vermirlər, vurub-yıxmaq, məhv etmək, sanksiya tətbiq etmək istəyirlər. Azərbaycanı susdurmaq üçün gecə-gündüz çalışırlar. Bir neçə ölkə Azərbaycana az qala müharibə elan etmək istəyir. Azərbaycan da məcburdur, müəyyən bir məqbul zamanı, variantı, qarşı tərəfin səhvini gözləyir ki, bundan tez istifadə edib öz maraqlarını təmin etsin. Bəli, gözləmək lazım idi ki, Ermənistan bu addımları atsın, sonra bizim də dünya qarşısında “biz Laçın yolunu bağlamamışıq” deməyə sözümüz olsun. Ermənistan birinci orada postunu qurdu, sonra da biz qurmuşuq. Bunu bilirlər, amma qəbul etmək istəmirlər, çünki gözlərini qan, nifrət örtüb. Başları çıxmır. Özü ölmək istəməyən başqasının uşağını ölümə göndərmək istəyir. Gedib minaya düşmək istəməyən dava edir ki, minalı sahələri açın, insanlar dədə-baba yurdlarını gedib görsünlər. Bunu deyənlərin özlərini avtobusa mindirib, aparıb minalı sahələrə buraxmaq lazımdır ki, “ata-babalarının yurdunu görsünlər””.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.