Bundan sonra Ermənistandan Xankəndiyə gedəcək yükləri Azərbaycan Laçın dəhlizində yoxlayacaq, bəs bu yenilik sülh prosesinə necə təsir edəcək?
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, indi Azərbaycan üçün əsas çətinlik Qarabağın erməni icması ilə münasibətin necə qurulması olacaq. O gözləyir ki, erməni əhalini yeni vəziyyətə- Azərbaycanın Laçın dəhlizində nəzarət buraxılış məntəqəsi qurması faktına uyğunlaşdırmaq zaman alacaq:
"Burda problem o zaman olacaq ki, hansısa təxribat baş verəcək. Ermənilər özləri də gərginlik yaratmaq üçün təxribat yaratmaq istəyəcək. Ona görə də indiki mərhələdə sülhməramlıların rolu vacibdir. Prosesə psixoloji cəhətdən baxmalıyıq. Qarabağda yaşayan ermənilərin iki nəslinin Azərbaycanla heç bir əlaqəsi olmayıb. Onları ardıcıl şəkildə yeni şəraitə öyrəşdirmək üçün vaxt lazımdır. Biz öhdəlik götürmüşük ki, onların hüquqları qorunacaq. Prosesi elə aparmalıyıq ki, bizim xeyrimizə olsun və erməniləri də yavaş-yavaş öyrəşdirək".
Siyasi şərhçi Rauf Mirqədirov isə Qərbin açıqlamalarının bəyanat səviyyəsindən o yana keçəcəyini düşünmür. O hesab edir ki, real siyasətdə buraxılış məntəqəsinin qurulmasının nə sülh prosesinə, nə də Azərbaycanın imicinə ciddi təsiri olmayacaq.
Onun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyanın prinsip etibarilə mövqeyi belədir ki, Ermənistan qonşuları ilə münasibətləri yaxşılaşdırmaq istəyir, bunsuz Ermənistanın gələcəyi yoxdur. Odur ki, Ermənistanla danışıqlar da zəifləməyəcək.