Azərbaycanın Laçın yolunda nəzarət-keçid məntəqəsi qurması Qarabağda suverenliyinin tam bərpa edilməsi, Xankəndində üçrəngli bayrağımızın dağlanmasına doğru atılmış ən mühüm addımdır.
Beləliklə, Qarabağda separatçıların qondarma “dövlətcik” oyunları tamamilə sıradan çıxdı və Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ermənilərin yeganə seçimi Azərbaycan vətəndaşlığını qəbul etmək oldu. Bunun alternativi olmayacaq, vətəndaşlığı qəbul edənlər bərabərhüquqlu şəkildə yaşayacaqlar, etməyənlər isə ərazilərimizi tərk edəcək.
Laçın yoluna nəzarət-keçid məntəqəsinin qurulması onu da təsdiq edir ki, Azərbaycanı öz suveren ərazisində hansısa addım atmaqdan çəkindirə biləcək güc yoxdur, həmçinin, separatçıların arxalana biləcəyi güc mərkəzləri Bakının haqlı və prinsipial mövqeyi qarşısında heç nə edə bilmirlər.
Bu addım eyni zamanda, Azərbaycan cəmiyyətində Xankəndiyə qayıdış məsələsindəki inamı qətiləşdirdi. Cəmiyyətimizdəki əhval-ruhiyyə də onu göstərir ki, xalq öz lideri İlham Əliyevə sonadək inanır. Bu inam Azərbaycanın güclü olması və Qarabağda milli maraqlarımızın təmin edilməsi baxımından əhəmiyyətlidir. Məhz ermənilər Azərbaycan xalqındakı bu inamı sarsıtmaq məqsədilə informasiya cəbhəsində gecə-gündüz əlləşir, dezinformasiyalar və uydurma iddialarla reallığa kölgə salmağa çalışırlar.
Ermənilərin bu məkrli oyunlarında iştirak edən azərbaycanlılar, daha doğrusu, “azərbaycanlı” adı altında gizlənən anti-milli üsnürlər də var. Avropada oturub Azərbaycana nifrət yağdıran Tural Sadıqlı da belələrindəndir. Bütün milli və dövlət məsələlərində anti-milli mövqe sərgiləyən bu zat Laçın yoluna nəzarət-keçid məntəqəsinin qurulmasını da eyni mövqe və təəssüflə qarşıladı, dərhal, uydurma iddiaları ilə dezinformasiyalar yaymağa başladı.