Ölkəmizdə dövlətin reklam siyasətini Azərbaycan Dövlət Reklam Agentliyi həyata keçirir. Bu sahədə kifayət qədər hüquqi və maddi-texniki baza yaradılsa da nəticələr heç də ürəkaçan deyil. Büdcəyə reklamdan gələn gəlir ilbəil azalır.
Üstəlik, Bakıda və bölgələrdəki reklamlarda dil qaydalarının kobud şəkildə pozulmasına şahidlik edirik. Əcnəbi dildə reklamların sayı isə durmadan artır. Açıq hava reklamlarına tamaşa edərkən özünü Azərbaycanda deyil, əcnəbi ölkdə hiss edirsən. Üstəlik, korporativ maraqlara görə yerli sahibkarlar reklam bazarında sıxışdırılır, əcnəbi şirkətlərə daha çox yer verilir.
Bütün bunlar isə haqlı narazılıq yaradır. Məsələ ilə bağlı millət vəkillərinin fikirlərini öyrəndik.
Deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda reklam sənayesi kifayət qədər inkişaf etməyib:

“Ən pisi də odur ki, reklamın məhsulun istehsalında və satışında nə qədər önəm daşıdığını bilmirik. Bəlkə də elə buna görədir ki, bizdə daha çox xarici şirkətlər reklam olunur. Çox təəssüf ki, reklamda da bir monopoliya var. Mən bu sahəni tam araşdırmamışam. Amma az-çox öyrəndiklərimə əsasən deyə bilərəm ki, hər şey Reklam Agentliyinin əlindədir”.
Millət vəkili reklam dilinin biabırçı vəziyyətdə olduğunu da qeyd edib:
“Həm televiziya-radioda, həm də açıq hava reklamında Azərbaycan dili haqqında qanunun tələbləri kobud şəkildə pozulur. Bu da əhalidə haqlı narazılıq doğurur. Ən pisi də odur ki, Bakıdakı küçə reklamlarının çoxu əcnəbi dildədir. Firma mağazaları başa düşürük.
Brendin adı verilir. Amma qanuna görə bu ad Azərbaycan dilindəki yazı variantından kiçik olmalıdır. Şəhərin dili reklamdır. Əgər o dil əcnəbiləşibsə, nə yazıq bizlərə. Çox təəssüf ki, reklam dilində də əcnəbilərə aşiqliyimizi çox açıq şəkildə göstəririk”.

