Bakıda Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə əvvəlcə akademik Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra akademikin həyat və yaradıcılığına həsr olunmuş videomateriala baxış olub.
Açılış nitqi ilə çıxış edən Agentliyin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, bugünkü tədbir akademik Zərifə Əliyevanın əziz xatirəsini yad etmək, onun həyat və fəaliyyətini bir daha diqqətə çatdırmaq məqsədi daşıyır.
A.Əliyeva vurğulayıb ki, Zərifə xanım öz şəxsi nümunəsi ilə Azərbaycan qadınının ideal obrazını yarada bilib:
"Onun mərhəmətlə bütövləşmiş nəcib missiyası bu gün hər bir xanım üçün örnək rol oynayır. Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verib. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan əsərləri hər zaman təqdirlə qarşılanıb və yüksək qiymətə layiq görülüb".
"Zərifə Əliyeva həm də ona görə xöş taleli və unudulmaz bir şəxsiyyətdir ki, onun humanist həkimlik peşəsi, elm adamı, ictimai xadim kimi fəaliyyəti, ləyaqətli həyat yoldaşı, ana, nənə kimi missiyası bu gün də sözün əsl mənasında yaşayır, Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsində daha böyük miqyasda davam edir. Mehriban xanım da istedadlı göz həkimi, görkəmli ictimai-siyasi xadim kimi öz yorulmaz fəaliyyəti ilə milyonlarla insana ümid işığı, firəvanlıq, can sağlığı və gələcəyə inam bəxş edir. Əsl şəxsiyyətlər təkcə yaşadığı dövrdə deyil, dünyadan köçdükdən sonra da öz izlərini saxlaya bilənlərdir. Azərbaycanın Ali Baş Komandanı, ölkə başçısı, Şuşa fatehi İlham Əliyev isə Zərifə Əliyevanın xalqımıza bəxş etdiyi ən böyük və ən əvəzsiz dəyərdir", - A.Əliyeva əlavə edib.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev qeyd edib ki, yüksək elmi nailiyyətləri, milli mənəvi-əxlaqi dəyərlərə, eyni zamanda müasirlik və inkişafa bağlılığı, xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış görkəmli elm və səhiyyə xadimi, AMEA-nın həqiqi üzvü, professor Zərifə Əliyevanın adı Azərbaycanın XX əsr tarixinin ən görkəmli və yaradıcı simaları sırasına qızıl hərflərlə yazılıb.
PA rəsmisi vurğulayıb ki, tanınmış ziyalı nəslin layiqli davamçısı, sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim və xeyirxah insan kimi şərəfli bir ömür yaşamış Zərifə xanımın həyatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir: