“Araq içib barda yatsam, məmurları söysəm, ağıllı olacağam?”
“Dedilər ki, Fazil Mustafadan sonra növbə sənindir”
“Elza Seyidcahan siyasətə gəlmək istəyəndə, saçını-başını yoldular”
AĞ Partiyanın sədri Tural Abbaslı Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
- Tural bəy, necəsiniz? Daha doğrusu, bahalıqdan şikayətləndiyiniz bir dönəmdə necə dolanırsınız?
- Normal ölkələrdə elektorat və sosial baza baxımından cəmiyyətdə iqtidardan sonra ikinci partiyanın sədrinə belə sualın verilməsi əcaib səslənir. Nə gəlir, əslində mən yaxşı yaşayan insan qrupunda olmalıyam. Amma Azərbaycanda bu sual aktualdır. Çünki dövlət öz partiyalarını maliyyələşdirmir. Yalnız parlamentdə olan partiyalar maliyyələşdirilir. Onlara da çox simvolik rəqəmlər verilir. Ağ Partiyanın fəaliyyətində adlarını bildirmək istəməyən dostların yardımı böyük rol oynayır. Nə siyasi fəaliyyətimizdə külli miqdarda pullar xərcləyirik, nə də şəxsi həyatımız xüsusi komfortludur. Mənim 3-5 dostum, müavinimin dostları hesabına minimal, çox gülünc səviyyədə dəstəklərlə birtəhər partiya fəaliyyətini davam etdirməyə, həm də özümüz yaşamağa çalışırıq.
- Bəzən deyirlər ki, normal yaşamaq üçün deputat olmalısan. Növbəti seçkilərdə namizəd olmağı düşünürsünüzmü?
- Qarşıdan gələn parlament seçkilərində neçə deputat yeri olduğunu bilmirik. 125 deputat var. Onlardan 118-i fəaliyyət göstərir. Ehtimal var ki, bu say artırılacaq. Çünki əhali sayı 6-7 milyon olanda 125 deputat yeri vardı. İndi əhalinin sayı 10 milyondur. Yenə də 125 deputat yeri var. Deputatlar fiziki olaraq xalqın təmsilçiliyini çatdırmır. 40 minə bir deputat hesablanmışdı. İndi o rəqəm 60 min civarındadır. Deputatlarımızın təmbəlliyini də nəzərə alsaq, say mütləq artırılmalıdır. Gürcüstan, Türkiyə, hətta Ermənistandakı əhali sayı ilə deputat sayını müqayisə etsək görərik ki, 125 gülünc rəqəmdir. Bu sayın 151 olma ehtimalı var. Hakimiyyət həmişə çox ehtiyatla addım atır. Ola bilsin seçkilər proporsional, majoritar və ya qarşıq olsun. Biz bütün bunları bilməliyik. Bunları bilmədən filan qədər yerə iddialıyıq demək doğru olmaz. Hər bir partiya təbii ki, maksimum dairələrdə təmsil olunmaq istəyir. Ciddi partiyalar isə namizəd vermək xatirinə namizəd vermir. Namizədlərin təbliği, onların təqdimatı, piarı və fiziki cəhətdən çatdırılması, imzaların toplanması, seçkilərin müşahidə olunması məsələləri var. Biz dairələri maksimum təmin etməyə çalışacağıq. Ancaq kim olursa-olsun təki namizəd verək düşüncəsində deyilik. Sonuncu, 2020-ci il parlament seçkilərində partiya olaraq 12 namizədlə iştirak etmişdik.
Məsələn, siz fərdi olaraq deputatlığa namizəd ola bilərsiniz. Bu zaman sizdən iki kağız tələb olunar. Amma biz partiya olaraq sizin namizədliyinizi irəli sürsək, 10-12 kağız verməli olacağıq. Daha çox dairədən təmsil olunmağa çalışacağıq. Namizədliyə layiq, bu işi apara biləcək şəxsləri irəli sürəcəyik. Dəqiq rəqəm demək hələ tezdir. Elə dairə ola bilər ki, biz başqa partiya üzvünə, sədrinə güzəştə gedə bilərik. Kimsə bu və ya digər dairədən seçilibsə, ora layiqdirsə, mütləq ona rəqib çıxarmaq üçün namizəd verməyəcəyik. Onda biz deyəcəyik ki, filan dairədə filankəsi dəstəkləyirik. Bunlar seçki yaxınlaşdıqca müzakirə ediləcək məsələlərdir. O zaman daha dəqiq rəqəm demək mümkündür.
- Partiyanızın adının Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) adı ilə bənzərliyi zaman-zaman tənqid olunur. Sizi plagiatlıqda ittiham edənlər də var. Bu məsələyə münasibətiniz necədir?
- Bəzi universitet oxumuş, guya müəyyən səviyyəsi olan "taxtabaşlar" deyirlər ki, Tural Abbaslı bilmir ki, Türkiyədəki iqtidar partiyası AKP-nin açılışı Ədalət və İnkişaf Partiyası deməkdir. Bu da Ağ partiya qoyub “Ğ” nədir? Yəni belə bəsit, adamın cavab vermək istəmədiyi səviyyədə sual verirlər. Təbii ki, fikir verilsə, AK Partiyanın özünə çox zaman “Adalet və Kalkınma Partiyası” yox, AK Partiya deyirlər. Türk-İslam dünyasında Ağ sözünün təmizlik, mübarəklik simvolu var. Məsələn, Osmanlı sultanı Fateh Sultan Mehmetin müəlliminin adı Şəmsəddin idi. Ona Akşəmsəddin deyilirdi. AKP də özünü sətiraltı AK deyə təqdim edir. Burada AKP ilə ideoloji bağlılığımızın olduğunu da göstəririk. Türk-İslam dünyasının ideoloji xətti AK Partiyanın bugünkü ideoloji-siyasi xətti olmalıdır. Biz belə düşünürük. Ancaq sırf AKP-ni kopyalamaq kimi niyyətimiz yoxdur. Guya ki, biz partiyamızın adını Ağ Partiya qoyan kimi, Rəcəb Tayyib Ərdoğan zəng edib: “Tural müəllim, necəsiniz, gəlin, sizə kömək edək” demir. Bu qədər xəyalpərəst deyilik. Amma biz ideoloji xəttimizi göstəririk. AKP-də cəmləşmiş xüsusiyyətlərin yarısının bizdə də olduğu ağla gəlir. Biz də mühafizəkar, dinə və milli-mənəvi dəyərlərə sayğı ilə yanaşırıq. Bizə bu sualı verən "taxtabaşlara" sual veririk ki, 2005-ci ildə Azərbaycanda inqilabın rəngi kimi narıncı rəngi niyə seçmişdilər. Ukraynada inqilabın rəngi narıncı seçilmişdi. Bizimkilər də bu rəngi seçəndə hamının xətlərini biləcəyini düşündülər. Siz edəndə olur, biz edəndə olmur?
- Qəribə səslənsə də, sizin siyasi baxışlarınızı "Taliban"la eyniləşdirənlər də olur.
- Çaxır, araq içsəm, barlarda yatsam, içib dövlət rəsmilərini söysəm, sonra dəlixanaya çıxsam, ağıllı olacam? İki dəfə həbsə düşüb, çıxandan sonra Mübariz İbrahimovları, Milli Qəhrəmanlarımızı, adət-ənənələrimizi söysəm “cool” olacam? Əksinə, belə insanlara anormal baxmaq lazımdır. Yəni bunlar taftalogiyadır. Müsavat Gənclər Təşkilatının sədri olanda Füzuli özəyinin üzvü Seymur Baycan yazmışdı ki, bunlar “Taliban Gənclər Təşkilatı”dır. Eyni məntiqlə mən də içki içənlərə əyyaşlar birliyi, alkoqoliklər deməliyəm. Ancaq belə demirik. Mən namaz qıldığıma görə, "Taliban" oluramsa, sən də bir rumka araq içməklə əyyaş olursan. Təbii ki, elə deyil. Mən 23 ildir ki, siyasətdəyəm. Bizim Azərbaycanda qurmaq istədiyimiz, Ərdoğanın Türkiyədə qurduğu sistemdir. Biz o cür dövlət qurmaq istəyirik. Bizim üçün əldəqayırma saytlarda haqqımızda yalan yazılıb, vikipediyada da bunun qeyd olunması əhəmiyyətli deyil. Seçicilərimiz bizi tanıyır və bilir. Bu bizə kifayətdir.
- Bu yaxınlarda Milli Məclisin deputatı, eyni zamanda partiya sədri olan Fazil Mustafaya qarşı terror aktı törədildi. Məlum oldu ki, deputat dəfələrlə təhdidlərə məruz qalıb. Siz belə hallarla üzləşmisinizmi?
- Mənə açıq təhdid mesajları yazırlar. Fazil Mustafa güllələnən günü növbə sənindir yazanlar var idi. Bir çox hallarda mən İran rejimini tənqid etmişəm. Mənim üçün Azərbaycanın və onun üçrəngli bayrağının maraqları bütün dünyadakı dövlətlərdən öndədir. Təbii ki, Türkiyəni də Vətən kimi görürüəm, türk-islam dövlətlərini də qardaş dövlətlər hesab edirəm. Ancaq Azərbaycan birincidir. Biz qanuna təklif vermişdik ki, partiyaların ən azı rəhbərlərinin mühafizəsini dövlət təmin etsin. Həmin təklifin üstündən xətt çəkdilər. Dedilər ki, "O nə deməkdir, cənab nazirləri də dövlət qoruyacaq, mühafizə ilə gəzəcəklər, partiya sədrlərini də". Ancaq güllələnən partiya sədri oldu. Hansısa nazirə, məsələn Kəmaləddin Heydərova kiminsə güllə atdığını eşitmisiniz, yox. Onların mühafizəçilərinin sayına baxın. Mən hər gün 5 oliqarxın, 3-4 nazirin həyat və fəaliyyətini ortaya qoyuram. Onlar üçün bizim qiymətimiz nədir ki, 20-30 min kiməsə verəcəklər, məsələ həll olacaq. Belə məsələləri dövlət nəzərə alsın. Hər qrup üçün biz fərqliyik. Liberallar deyir ki, biz avtoritarıq, hakimiyyət isə "bunlar müxalifdir" deyir. Biz bizik. Öz fikirlərimizi deyirik. Kim nə istəyir düşünsün. Hələ də təhdid edən, təhqir edənlər var. Amma məsəl var, “elə ki, oldun dəyirmançı, çağır gəlsin, dən Koroğlu”. Söyülmək istəmirsənsə, təhdid olunmaq, sabah Fazil bəy kimi güllələnməmək üçün Azərbaycanda siyasətlə məşğul olmayacaqsan.
- Sizin hakimiyyətyönümlü, mötədil müxalifət olduğunuzu iddia edirlər. Bu haqda fikirlərinizi bilmək istərdik.
- Bu günə qədər Azərbaycanda iqtidar-müxalifət münasibətləri cəngəllik şəraitində olub. Azərbaycanda iqtidar-müxalifət dəyirmi masalarını Avropa İttifaqı təşkil edirdi. İqtidar və müxalifətin bir-birilə 3-cü qüvvələr vasitəsilə görüşməsi 21-ci əsrdə nə qədər doğrudur? Bir tərəfdə Əli Həsənov, digər yanda özünə müxalifət deyən, əslində Əli Həsənovun uzantıları olanlar cəmiyyətə elə mesajlar ötürürdü ki, sanki iqtidar və müxalifət bir-birinə snayper tuşlamalıdır. Stalinqradda faşistlərlə ruslar bir-birini necə güdürdüsə, biz də bir-birimizi elə güdməliyik. Bu, belə olmalı deyil. Müxalifət tənqid etməli, çıxış yolu göstərməli və hakimiyyətin üzərinə getməlidir. Biz də bunu edirik. Kimsə məndən sapan daşını götürüb, YAP-ın qərargahını daşlamağımı və ya "Kalaşnikov" götürüb hücuma keçəcəyimi gözləyirsə, bilsin ki, bu müxalifətçilik deyil. Onun adı başqadır. Onları kim etmək istəyirsə, özü bilər. Bizi dəstəkləyən elektoratdan razıyıq. Bizə kim mötədil deyirsə, getsin mötədil olmayana dəstək versin. Azərbaycan gəncliyindən danışanların nə oğlu, nə qızı, nə də yoldaşı Azərbaycanda deyil. Hamısını xaricə yollayıb, burada Azərbaycanın gələcəyi uğrunda vuruşur. Bu radikal mübarizədir?
- Sizin çıxışlarınızın səmimi olmadığını, piar məqsədi daşıdığını söyləyənlər də az deyil. Populist olduğunuzu düşünənlərə nə demək istərdiniz?
- Kim nə deyirsə desin. İnsanları, küçəni aldatmaq olmur. Məsələn, Elçibəyi dünyanın əksər dövlətləri dəstəkləməsə belə, xalqın dəstəyi sayəsində prezident seçildi. Yəni bizə səmimiyyət lazımdır. Xalq da səmimiliklə, qeyri-səmimiliyi ayıra bilir. Səni necə görmək istəyirlərsə, elə də görürlər. Opera Balet Teatrının aktyorları evdə bir-birilərini ariya ilə çağırırlar?. Yox. Siyasətin də bir dili var. Sən məhlə uşağınla söhbət etdiyin kimi danışmayacaqsan. Siyasət dili ilə danışırsan, deyir ki, “populistsən”. Qoy, populizm olsun. Boris Conson, Donald Tramp populist deyildilər. Boris Conson Baş nazir olmadı? Amerika kimi, dünyanı məhv edəcək qədər böyük nüvə ehtiyyatına malik, nə qədər Nobel mükafatçısı yetişdirmiş ölkənin əhalisi Trampa səs vermədi? Yaxud Ərdoğan. Ondan çox qışqıran, pafosla danışan var? Ancaq işi də görən odur. 80 milyonluq türk xalqının səsini alıb, 20 ildir ölkəyə rəhbərlik edir. Kim akademik kimi danışmaq istəyirsə, buyursun. Mən auditoriya qarşısında tələbələrə dərs keçmirəm. Mən xalqa müraciət edirəm. Çox zaman danışdıqlarımın pafos olduğunu deyirlər. Əslində bu belə deyil. İçimdən gələnləri deyirəm. Fikirləş ki, kimsə telefonunu oğurlayır və sən polisə ərizə yazmalı olursan. Yazana kimi əlin əsir ki, mənim telefonum hanı, bir ildir ki, onun kreditini ödəmişəm. Bunu sakit deyə bilərsiz? Deyə bilmərsiniz. Biz də o hisləri yaşadığımız üçün xalqın içində olan problemlərin eynisini yaşadığımız üçün içimiz yana-yana deyirik. Bunlar da onu yana-yana deyə bilmir. Deyirlər ki, “bu populistdir”. Bəs sən nəsən, akademiksən?
- Müsavatdakı fəaliyyətinizə toxunmaq istərdik. Ölkənin ən nüfuzlu partiyalarından olan Müsavatdan niyə ayrılmışdınız?
- Müsavatda mənim qatıldığım başqanlıq seçkisində 4 nəfər iştirak edirdi. Biri seçildi, ikisi qovuldu. Tək mən özüm könüllü ayrıldım. Mən hətta seçkidən sonra iki il Müsavatda qaldım. Sədr bir nəfər olar. Seçilmisən, yaxşı eləmisən. Mən Müsavata 16 ilimi vermişdim. 16 il idi ki, Müsavatın üzvü idim. Getməyə məcbur qaldım. Məsəl var ki, “qonağa get, demirlər, döşəyi altından çəkirlər”. Mənə salam verən hamını partiyadan sıxışdırdılar. Jurnalistlərə zəng etdilər ki, Turalın partiyada vəzifəsi yoxdur. Ondan müsahibə almayın. Mənim özümü partiyanın heç bir seçkili orqanına buraxmadılar. Ancaq biz bu gün bir dilli-dilavər, iş görmək istəyən gənc görəndə əsə-əsə deyirik ki, “qardaş xoş gəlmisən”. O saat vəzifə filan veririk. Çünki bu adam bizim işimizi aparacaq. Bunlar isə bütün enerjilərini sərf etdilər ki, mən və ətrafımda olan dostlarımın enerjisi batsın. Keçə bilmirdik. Çünki əziyyət çəkmişdik, həbsdə yatmışdıq, qohum-əqrəba ilə üz-göz olmuşduq. Sonda gördük ki, alınmır. Dedik ki, “sizinlə dava etməyə nə vaxtımız, nə həvəsimiz var. Biz gedirik”. Batsaq da, qalxsaq da, özümüz bilərik. Allaha şükürlər olsun ki, biz bu gün çıxdığımız partiyadan üç dəfə güclü partiyayıq. Əksini iddia edirlərsə, gəlsinlər.
- Tural bəy, sizin keçmiş daxili işlər naziri İsgəndər Həmidovla davanız olmuşdu. Sizdən yaşca böyük insana qarşı hərəkətləriniz yaxşı qarşılanmamışdı. Sonradan peşman oldunuzmu? Amma tam səmimi...
- Allah İsgəndər Həmidova rəhmət etsin. Deyirlər ki, ölənin arxasından ya xeyir danış, ya da sus. Ona görə də, hadisənin detallarına varmaq istəmirəm. Onsuz da hər şey bilinirdi. AXH-də görünən 2-3 nəfər var idi. Onlardan biri mən idim. Onsuz da AXH-nin ideya müəlliflərindən biri mən olmuşam. Maraqlısı odur ki, ilk vaxtlar hamı bir-birilə mehriban idi. Hamı bir-birinə can deyib, can eşidirdi. AXH siyasi arenada özünə yer edən, adını eşitdirən kimi, indi bəzi özünü partiya rəhbəri kimi təqdim edənlər İsgəndər bəyi "Zabitlər parkı"nda çayxanaların birinə çağırdılar. Başladılar ona deməyə ki, “İsgəndər bəy, bizim sizə böyük hörmətimiz var, amma Tural və Əli Əliyev oradan uzaqlaşdırılmalıdır”. Bizi uzaqlaşdırmaqla, AXH-ni də öz təsirlərinə salmaq istəyirdilər. Bu oyunların nəticəsi AXH-də davalara səbəb oldu. Yenə də hakimiyyət heç bir şey etmədi. Özünə lider deyən, Zabitlər bağında saatlarla enerji sərf edənlər bu problemləri yaratdı. Biz orada sözümüzü dedik. Allah İsgəndər bəyə rəhmət etsin. Olan oldu, keçən keçdi. İsgəndər bəyin Azərbaycan tarixində özünə görə adı, yeri və rolu var. Ona da xalq, tarix qiymət verəcək, inşallah!
- Sizcə, Azərbaycanda neçə partiya olmalıdır?
- Partiya sayı demək düz deyil. Çox sayda partiyanın olduğu bir sıra kiçik ölkələr var. Gürcüstanda 300-ə yaxın partiya var. Ermənistanda da 100-dən çox partiya mövcuddur. Qoy, bizdə də 500 partiya olsun. Əsas məsələ neçə partiyanın olması deyil. Məsələn, Amerikada 200-dən çox partiya var. Amma orada hamının tanıdığı və siyasi arenaya yön verənlər demokratlarla respublikaçılardır. Bu da onların güclü və təsirli olduğunu göstərir. Bizdə də sərbəst rəqabət mühiti yaradılmalıdır. Qoy, 500 partiya olsun. Sağlam rəqabət olduqdan sonra onsuz da onlar içərisində 3-5-i önə çıxa biləcək. Digərləri elə kağız üzərində qalacaq.