“Nəzarət-buraxılış məntəqəsi ilə bağlı narahatlıqlarını bildirən ölkələr beynəlxalq hüququn tələblərini ya qulaqardına vururlar, ya da onu axıra qədər oxumayıblar. Hadisələri bu cür yozmaq, don geydirmək nə dərəcədə beynəlxalq hüququn müddəalarına uyğundur? Nə baş verib ki? Azərbaycan öz ərazisində - suveren torpaqlarında başqa ölkələrdən gələn insanlar üçün sərhəd-buraxılış məntəqəsi qurub. Məgər ABŞ Meksika ilə sərhədində nəzarət-keçid mətəqəsi qurmayıb? Qurub. Bütün ölkələr də həmçinin... Buna görə də ABŞ, Fransa və Rusiyanın mövqeyini sırf subyektiv, həm də ədalətsiz mövqe kimi səciyyələndirirəm. Bu, Azərbaycan üçün məqbul sayıla bilməz. Öz suveren ərazilərimizdə suveren hüquqlarımızı bərpa etmək üçün addımlar atırıq. Onda hər addım atanda bizi qısnayacaqlarsa, təhdid edəcəklərsə, nə oldu? Bu nə deməkdir? Adam öldürməmişik, qətliam törətməmişik. Vaxtilə bizim olmuş ərazilərdə öz suveren hüquqlarımızı bərpa edirik, bərpa! Bunu kimlərsə başqa cür yozursa, getsin öz problemlərini başqa yerdə həll etsin. Verdikləri açıqlamalarla, sadəcə, növbəti addımlarını icra edirlər. Amma sülh müqaviləsi imzalanandan sonra, Ermənistanla Azərbaycan arasında münasibətlər qaydasına düşəndən sonra belə məsələlər də unudulub gedəcək”.
Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.