Milli Məclisdə deputat Vahid Əhmədovun məsələsinə İntizam Komissiyasında baxılmaq tələbi qoyulmuşdur. Deputat yoldaşları alovlu çıxış edərək Əhmədovun, pis çıxmasın, kəlləsini istəyirdilər. Deyir, mandatını alıb, lakin sakit durmur, orda-burda dövlətçiliyimiz əleyhinə müsahibə verir. (Eh, çoxdandır bu “mandatı almısan, sakit otur” yanaşması ilə rastlaşmırdıq. Adam lap kövrəlir, nostalji olur. Cəlal Əliyevin yeri göründü).
Doğrusu, mən Əhmədovun müsahibəsinə baxmamışam, oxumamışam, orada nə dediyini bilmirəm. Lakin şiddətlə qınayıram. Köhnə kişilərin yadında olar, SSRİ vaxtı belə formula vardı: “Pasternakı oxumamışam, lakin onu qınayıram”. Eyni zamanda bu işin məhz bu yerə gələcəyini öncədən görmək olardı. Axı deputatlara danışmaq icazəsi nə üçün verilibdir? Danışmağa icazələri olmasa, heç bu kimi antixalq, antidövlətçilik durumları da yaranmazdı. Necə deyərlər, birinci pərdədə səhnədən tüfəng asılıbsa, tamaşanın axırında o tüfənglə kimisə vurub öldürəcəklər. Nəticə ilə yox, səbəblə mübarizə aparmalıyıq.
Məsələn, neçə illərdir bəzi dairələrdə deputat ümumiyyətlə yoxdur. Seçki vaxtı nəticələri ləğv eləyiblər, çıxıb gedib işinin dalıyca. Təkrar seçkilər də keçirmirlər. Bu saat ən dövlətçilik mövqeyində olan seçki dairələri elə həmin dairələrdir. Deputat yoxdur - problem də yoxdur. Ancaq ta deputatları seçmişiksə, onların nitqinə, müsahibəsinə, toylarda çıxışlarına, Vatsap statuslarına, Tik-tok paylaşımlarına, İnstaqram layklarına, namaz qılarkən dualarına, taksi sifariş edərkən verdikləri ballara - uzun sözün qısası, bütün yazışmalarına ciddi nəzarət etməyə borcluyuq. Hesab edirəm əlaqədar orqanlar bu məsələlər üzərində vaxtı-vaxtında əməliyyat-istintaq tədbirləri görür, ancaq bəs eləmədiyi ortadadır.
Halbuki Amerikanı təzədən kəşf eləməyə ehtiyac yoxdur, bunu bircə qanunla tənzimləmək olar. Qoy deputatlar qanun qəbul etsin, orda yazılsın ki, Milli Məclisin deputatı bütün müsahibələrini yalnız Milli Məclisin mətbuat xidməti vasitəsilə verir. Vəssalam. Bununla hər şey yoluna düşər.
Oxşar təcrübə dövlət qurumlarımızın çoxunda var. Zəng eləyirsən nəsə məlumat alasan, cavab verirlər: “Mətbuat xidmətimizlə əlaqə saxlayın, jurnalistlərə açıqlama vermək səlahiyyəti yalnız onlardadır”. Möhtəşəm qaydadır. Hətta bəzi nazirliklərin mətbuat xidmətinin özünün də mətbuat xidməti vardır.