Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Bakıda "Ölkə üzrə kibercinayətlərə və kibertəhlükəsizliyə ictimai rəydə münasibət" mövzusunda konfrans keçirildi

666
Paylaş:
Bakıda "Ölkə üzrə kibercinayətlərə və kibertəhlükəsizliyə ictimai rəydə münasibət" mövzusunda konfrans keçirildi

Aprelin 26-da Avropa Birliyinin, Avropa Şurasının və Sosial Tədqiqatlar Mərkəzinin (STM) "Azərbaycanda kıbercinayət və kıbertəhlükəsizlik barometri" birgə tədqiqat layihəsinin nəticələrinə dair "Ölkə üzrə kibercinayətlərə və kibertəhlükəsizliyə ictimai rəydə münasibət" mövzusunda konfrans keçirilib.

Pravda.az xəbər verir ki, konfransın əvvəlində STM-in İdarə Heyətinin  sədri, Milli Məclisin komitə sədri Zahid Oruc mövzu ilə bağlı geniş çıxış edib.

Z.Oruc bildirib ki, Vətən müharibəsində parlaq Qələbəmiz ölkənin Birinci şəxsi, Prezident İlham Əliyevin informasiya məkanında fasiləsiz hücum əzmi ilə yanaşı, fəzada aparılan süni intellekt savaşı ilə mümkün olub: “Lakin post-müharibə reallığı-Azərbaycanın hazırkı geosiyasi mövqeyi, hərbi potensialı, fəal xarici siyasəti cari və perspektiv təhlükəsizlik təhdidlərini artırır. Vətən müharibəsi dövründə Ermənistandan ölkəmizin maliyyə/bank sisteminə edilən hücumları hamıya məlumdur. Hazırda Azərbaycanda vətəndaşlara vacib xidmətlərin böyük bir qismi rəqəmsallaşdırılıb. Maraqlı qüvvələr Azərbaycan gəncləri arasında yad dini-ideoloji təbliğatda yeni texnologiyalardan istifadə edirlər. Virtual məkan burada sui-istifadə edilir. Bir çox faktlar göstərir ki, uşaq və gəncləri hədəfə alan məqsədyönlü fəaliyyətlər çoxluq təşkil edir. İndi Laçın və bütün coğrafi sərhədlərimizdə qurulan istehkamlar virtual sərhədlərimizin qorunması ilə birlikdə aparılmalıdır. Davam edən Rusiya-Ukrayna müharibəsi göstərdi ki, savaş-torpaqla yanaşı, daha çox kritik infrastrukturlara qarşı aparılır.  Dövlət strukturlarında xarici proqram təminatlarının, İT həllərin və anti-virusların tətbiqi yeni bayraktarlar və haroplar qədər vacibdir”.

Konfransın davamında “Ölkə üzrə kıbercinayətlərə və kibertəhlükəsizliyə ictimai rəydə münasibətin   kəmiyyət və keyfiyyət əsaslı təhlili”nə dair sorğunun nəticələri barədə videoçarx nümayiş olunub.

Sonra Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş İdarə rəisi Azər Əhədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov, STM İdarə heyətinin üzvü, professor Tahirə Allahyarova, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının(AKTA) sədri Elvin Balacanov, Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov konfransın mövzusuz ətrafında statistik məlumatlar əsasında çıxış ediblər.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər