Son illər Azərbaycanın istehlak bazarında ciddi problemlərin şahidi oluruq. İldən-ilə Azərbaycanın ticarət şəbəkəsində ad qazanan nəhəng şirkətlərdən şikayətlənənlərin sayı durmadan artır. Marka və məhsullarını fəaliyyət göstərdikləri ölkələrin reklam lövhələrində tanıdan bu şirkətlər istehlakçıların pulunu alıb, onlara keyfiyyətsiz mallar satırlar. Ən çox şikayətlər isə məişətdə istifadə olunan mürəkkəb-texniki cihazların satışı ilə bağlı olur.
Keyfiyyətsiz malı dəyişmək, yaxud qaytarmaq isə sonradan müşkül məsələyə çevrilir.
Əvvəlcə müştərisinə “yağlı” vədlər verib məhsulunu “sırıyan” şirkət problem yarananda məsələdən çox rahatlıqla sıyrıla bilir. Keyfiyyətsiz məhsuluna toz qondurmamaq üçün şikayətlənən müştərisinə kömək etmək əvəzinə, müxtəlif variantlar gətirirərək, öz təbirlərində istehlakçını günahkar çıxarmalı olurlar.
Belə şirkətlərdən biri “Samsung” un rəsmi distribütoru olan “Baku Electronics ”ticarət mərkəzidir. Bu dəfə redaksiyamıza adının açıqlanmasını istəməyən Bakı sakininin 4 ay əvvəl “Baku Electronics” dən aldığı qaz plitəsinin keyfiyyətisz və nasaz olması ilə bağlı şikayət daxil olub.
Vətəndaşın bildirdiyinə görə aldığı müddətdə məişət cihazı doğru-dürüst işlək vəziyyətdə olmayıb. Əksinə ailə üçün əməlli-başlı kabusa çevrilib:
“Dekabrın 14-də “Baku Electronics ”in Nərimanov rayonundakı mağazasından 950 manat məbləğində 3 il zəmanətlə qaz plitəsi aldım. Evə gətirilib quraşdırılandan bir neçə gün sonra partlayış səsindən dik atıldıq. Qaz plitəsindən çıxan partlayışın zərbəsi yaşadığım binadakı işıq sistemini bütünlüklə sıradan çıxarmışdı. Dərhal şirkətin servisinə məlumat verdik. Servis əməkdaşı plitəni yoxlayandan sonra partlayışı elektrikdə olan problemlə əlaqələndirdi. Bir müddət sonra analoji hal yenidən yaşandı.
