Astara Rayon Məhkəməsində qanunsuz olaraq soyuq silah gəzdirməkdə təqsirləndirilən İran vətəndaşı Qasım Həsəninin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 400 manat cərimə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs barədə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməyib.
İttihama görə, 1979-cu ildə İranın Ərdəbil şəhərində anadan olmuş Qasım Həsəni istintaqa məlum olmayan tarixdə və mənbədən İrandan kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab olunan bir ədəd beşbarmağı qanunsuz olaraq əldə edib. O, həmin beşbarmağı idarə etdiyi “Mercedes” markalı yük avtomobilinin kabinəsində saxlayaraq gəzdirib.
Qasım 19 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində idarə etdiyi yük avtomobili ilə İrandan Azərbaycana keçmək istəyib. Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük Postunda keçirilmiş yoxlama zamanı həmin soyuq silah hesab olunan beşbarmaq onun yük avtomobilinin kabinəsində olan dolabın içərisindəki əl çantasının içərisindən aşkar edilərək götürülüb.
Daha sonra Qasım Həsəninin barəsində Cinayət Məcəlləsinin 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
Kamal Məmmədov