Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Pravda.az Trend-ə istinadən xəbər verir ki, hakim Səbinə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxs Elman Muxtarov bildirib ki, üzərində heç bir bıçaq olmayıb və heç kimdən pul tələb etməyib: "Mən zərərçəkmişə sadəcə bir şillə vurmuşam".
Daha sonra iş üzrə yeganə şahid olan zərərçəkmişin arvadı Günay Əliyeva dindirilib. O, təqsirləndirilən şəxsin xeyrinə ifadə verib: "Ərimlə yaşamağıma səbəb uşaqlarımı əlimdən alması qorxusu olub. Bu səbəbdən evdən çıxmırdım. Elman orda heç kimə bıçaq çıxarmayıb və pul tələb etməyib. Ərim mənə hədə-qorxu gəldi ki, əgər polisdə onun istədiyi kimi izahat verməsəm, valideynlərimə hər şeyi deyəcək və uşaqlarımı əlimdən alacaq. Mən də məcbur qalıb Elmanın əleyhinə ifadə verməli oldum. Sonradan ərim hər şeyi valideynlərimə açıb danışdı və artıq onlar hər şeyi bilirlər. Ona görə də heç nədən qorxmuram və bu gün məhkəmədə həqiqəti danışıram".
Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.