Sudan Respublikasındakı mövcud vəziyyətlə əlaqədar olaraq, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən müvafiq tədbirlər həyata keçirilməkdədir.
Bu barədə Pravda.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda Sudan Respublikasında yerləri müəyyənləşdirilmiş 26 nəfər Azərbaycan Respublikası vətəndaşının qardaş Türkiyə Respublikasının dəstəyi ilə üçüncü ölkə vasitəsilə təxliyəsi həyata keçirilməkdədir. Həmçinin, təxliyə edilən vətəndaşlarımızdan etibarlı səyahət sənədləri olmayanların ölkəmizin aidiyyəti diplomatik nümayəndəlikləri vasitəsilə sənədləşdirilməsi işi təmin olunacaq.