Gəncə Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən donuz əti alverçisi, 1983-cü ildə Kəlbəcər rayonu Dəmirçidam kənd sakini Samir Salahovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə hökm qərar elan olunub.
Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İttihama görə, Samir Salahov tanışının etibarından sui-istifadə edərək 2019-cu ilin sentyabr ayından 2022-ci ilin fevral ayınadək olan müddət ərzində onu aldadaraq donuz alveri ilə məşğul olmaq adı ilə hissə-hissə ümumilikdə 74 000 manat dəyərində donuzlarını nisyə alqı-satqı qaydasında alıb baha qiymətə satıb pulunu tam şəkildə ödəməklə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda bu barədə bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verməklə inandırıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə həmin vəsaiti ələ keçirib.