Rüşvətə görə 10 il 6 ay həbs cəzası alan Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbovun məhkəmədə verdiyi ifadə məlum olub.
Pravda.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, A.Rəcəbov Gəncə Ağır Cinayətlər Məhkəməsindəki çıxışında rüşvət aldığını etiraf edib.
Özünü təqsirli bilən sabiq rəis musiqi məktəblərindən birində apardığı yoxlama nəticələrinin Mədəniyyət Nazirliyinə təqdim edilməməsi müqabilində ona 30 min manat rüşvət təklif olunduğunu deyib: "Regional mədəniyyət idarəsinin balansında 9 uşaq musiqi məktəbi olub. Gədəbəy rayon Zəhmət kənd uşaq musiqi məktəbinin direktoru işləyən Təranə Şərifova ilə bağlı məktəbin müəllimləri tərəfindən bir neçə dəfə şikayət olmuşdu. Bu səbəbdən 2022-ci ildə məktəbin fəaliyyətinin yoxlanılması barədə tədbir görmək qərarına gəldim. Komissiya təşkil edib 2 gün müddətində məktəbdə yoxlama keçirdik. Yoxlama zamanı 17 müəllimin adına rəsmiləşdirilmiş əmək haqqı kartlarının direktor Təranə xanımda olduğunu müəyyən etdik. Belə ki, direktor maaş kartlarını özündə saxlayıb hər müəllimə ayda əlbəəl 200-250 manat pul verirmiş. Lakin həmin müəllimlərin kartlarına orta hesabla ayda 1200-1400 manat pul köçürdü.
Yoxlamanın nəticəsinə əsasən, bəlli oldu ki, direktor bu əməlləri nəticəsində dövlət büdcəsinə 300 000 manat ziyan vurub. Yoxlamadan bir neçə gün sonra Təranə xanım xidməti otağıma gəlib işində yol verdiyi nöqsanları bağışlamağımı və onu işdən azad etməyimi xahiş etdi. Mən isə onu bağışlaya bilməyəcəyimi, yoxlama zamanı toplanılmış materialları Mədəniyyət Nazirliyinin Daxili Nəzarət Şöbəsinə təqdim edəcəyimi bildirdim. Dedim ki, böyük ehtimalla materiallar nazirlik tərəfindən prokurorluq orqanlarına göndəriləcək”.