Ali Məhkəmədə rüşvət almaqda ittiham olunan Azər Allahverdiyev və Cahid Tahirovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az-ın məlumatına görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onların kassasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər birinə dələduzluğa cəhd ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Rəsmi məlumata görə, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyevin və Cahid Tahirovun qabaqcadan əlbir olaraq vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6000 manat məbləğində pul tələb etdiyi müəyyən olunub.
Xüsusi texniki vasitələrdən istifadə edilməklə aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hər iki vəzifəli şəxs həmin məbləğin bir qismini mayın 4-də rüşvət kimi alarkən cinayət başında yaxalanıblar.
Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Həmin cinayət əməlinin A.Allahverdiyev və C.Tahirov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.
Kamal Məmmədov