Qeyri-üzvi kimyanın nadir, səpələnmiş və radioaktiv elementlər kimyası sahəsində tanınmış mütəxəssis, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun şöbə və laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Əli Nuriyev aprelin 14-də 91 yaşında dünyasını dəyişib.
AMEA-dan Pravda.az-a verilən məlumata görə, Əli Nəcəfqulu oğlu Nuriyev 29 dekabr 1928-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. 1944-cü ildə Nehrəm kənd orta məktəbinin 7-ci sinfini bitirdikdən sonra Naxçıvan Tibb Texnikumuna daxil olmuş və təhsilini fərqlənmə diplomu ilə başa vurub.
O, 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olub, III kursdan Qorki (indiki Nijni Novqorod) şəhərində yerləşən Dövlət Universitetinin Kimya fakültəsinə göndərilib. 1953-cü ildə oranı "Analitik kimya" ixtisası üzrə müvəffəqiyyətlə bitirib və Sumqayıt Kauçuk Zavodunun Texniki-nəzarət şöbəsinin müdiri vəzifəsində əmək fəaliyyətinə başlayıb.
Ə.Nuriyev 1954-cü ildən Azərbaycan SSR Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) Geokimya və radiokimya laboratoriyasında kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. Alim 1971-ci ildən institutun Sorbsiya prosesləri şöbəsinə, həmçinin Qeyri-üzvi və sintetik sorbentlər laboratoriyasına rəhbərlik edib.
1962-ci ildə Ə.Nuriyev "Neft yataqları, lay sularında radioaktiv elementlərin paylanması" mövzusunda namizədlik, 1972-ci ildə isə "Azərbaycan neft yataqlarının lay sularında, neftlərdə və çökmə süxurlarında nadir və səpələnmiş elementlərin paylanması" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib.