“Bəzən tələsirik, istəyirik ki, tez edək, amma tez olsa da, yaxşı alınmır. Yemək bişməyəndə onu yemək mümkün olmur. Aktyorluq elə bir sənətdir ki, tələsmək olmaz. Tələsəndə işin keyfiyyəti də olmur. Korifey aktyorların illər əvvəl bizim haqqımızda dedikləri mənfi sözlərə əvvəl haqq qazandırmırdım. Amma bu gün o dediklərindən bəzilərini qəbul edirəm”. Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Elməddin Cəfərov deyib.
Aktyor qeyd edib ki, irad tənqid formasında bildirilsə, səhvləri daha tez görmək olur:
“İllər əvvəl çəkildiyim epizodlara baxanda “bu nədir?” deyirəm. Onlar məndən 30-40 il qabaqdadırlar deyə səhvlərimizi daha yaxşı görə bilirlər. Bunu tənqid formasında desələr, əlbəttə ki, səhvlərimiz tez görərik. Amma bunu təhqir, yaxud da qərəzli şəkildə deyəndə qəbul etmirəm. Bizə irad tutan aktyorların keçmişdə səhvləri olmayıb ki? Əlbəttə ki, olub. Onların hamısına böyük hörmətim var”.
“2010-cu ildən toylara aparıcı kimi getməyi özümə qadağan etdim. Həyatımdan bütün sosial şəbəkələri sildim. Hər gün beş saat vaxtım yarandı. Başladım kitab oxumağa. Bütün həyatım dəyişdi. Oxumaq bir yerdən sonra məndə xəstəliyə çevrildi. Kitab oxumasam, yata bilmirəm. Bu gün hansı kitab varsa, onu oxuyuram. Kitab oxumaq mənim həyatımı, dünyaya baxışımı dəyişdi. Sosial şəbəkəsiz həyat, həqiqətən, çox gözəldir. Sosial şəbəkədə həyatımı paylaşmadıqca daha çox yaşamağa başladım. Əvvəl nə yeyirdimsə, haranı gəzirdimsə, hamı kimi sosial şəbəkədə paylaşırdım. Bu yemək, gəzmək mənim üçündür. Bəzi şeyləri həyatımda paylaşılmaz etdim. İnsanlar üçün yox, özüm üçün yaşamağı öyrəndim”, - deyə aktyor bildirib.