Aprelin 30-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında Antoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib. ABŞ Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı məhz Azərbaycan olub. Bu xüsusda da Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip Ermənistana təklif edilib.