“Aprelin 30-da Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ABŞ-a gediblər. Rəsmi məlumata görə, Vaşinqtonda onlar arasında Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üçün müzakirələrin növbəti raundu baş tutacaq. Aprelin 29-da isə ABŞ Dövlət katibi Entoni Blinkenlə Ermənistan Baş naziri arasında telefon danışığı olub. Bu gün isə Blinkenlə Prezident İlham Əliyev arasında baş tutan telefon danışığında sülh sazişi məsələsi müzakirə edilib. Məlumdur ki, ötən günlərdə sülh sazişi ilə bağlı danışıqların keçirilməsi üçün Moskva və Vaşinqton arasında sanki üstünlük qazanma yarışı var idi. Öz növbəsində erməni mediası keçən həftə hakimiyyətdəki mənbələrinə istinadla yazıb ki, ABŞ Ermənistana may ayının sonuna qədər sülh müqaviləsinin ilkin variantının təsdiqlənməsi üçün təzyiq edir. İddialara görə, sülh sazişinin layihəsini bu yaxınlarda ABŞ Dövlət katibinin müavini Erika Olson Baş nazir Paşinyana təqdim edib. Məlumatda bildirilir ki, sülh sazişi layihəsinin təfərrüatı haqda bilgi yoxdur, ancaq Ermənistanın maraqlarına “cavab vermədiyi” təxmin edilir. Bu gün Bakı vaxtı ilə saat 17:00-da Azərbaycan və Ermənistan XİN rəhbərləri Vaşinqtonda görüşəcək. Blinkenin iştirakı ilə üçtərəfli görüşün isə Bakı vaxtı ilə saat 17:45-də başlaması planlaşdırılır. Azərbaycan-Ermənistan sülh danışıqlarında, deyəsən, beynəlxalq oyunçular hərəkətə keçmək qərarı veriblər. Bəzi insayd məlumatlara görə, danışıqlar bir neçə gün davam edə bilər. Bu, artıq prosesin ciddi xarakterindən xəbər verir”.
Pravda.az xəbər verir ki, bu sözləri politoloq İlyas Hüseynov deyib.
