“Bildiyiniz kimi, aprelin 14-də Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Koronovirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işləri xüsusi vurğulayan dövlət başçısı bildirdi ki, Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı çox ciddi, təsirli və davamlı tədbirlər həyata keçirir. Cənab Prezident qeyd etdi ki, Azərbaycan koronavirus pandemiyasından ən az itki verən ölkələrdəndir. Azərbaycanın bu mübarizə çərçivəsində atdığı addımlar dünyanın inkişaf etmiş ölkələrində təkrarlanır, həmin ölkələr Azərbaycanın təcrübəsindən istifadə edirlər. Prezident İlham Əliyevin həyata keçirdiyi işlər dünyanın bir sıra nüfuzlu media orqanlarında geniş işıqlandırılır. Bu addımlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan xalqı da atılan addımlardan razıdır, bu özünü Prezidentə ünvanlanan minnətdarlıq məktublarında da göstərir. Ölkədə koronavirus pandemiyasına görə yaranan çətin vəziyyətdən öz məqsədləri üçün istifadə etməyə çalışan “5-ci kolon” da var. Bu, Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının da təmsil olunduğu Milli Şuranın üzvləridir”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov deyib.
C.Osmanov qeyd edib ki, Milli Şuranın ətrafındakı ünsürlər Azərbaycana düşmən kəsiliblər: “Onlar Azərbaycanı sevməyən, xüsusilə də ermənipərəst qüvvələrdən dəstək alırlar. Əli Kərimli, Cəmil Həsənli, Sevinc Osmanqızı, Orduxan Teymurxan və başqaları Azərbaycan xalqına qarşı düşmənçilik mövqeyi sərgiləyirlər. Bu insanlar xalqa, dövlətə, müstəqilliyə qənim kəsilmiş insanlardır. Anti-milli ünsürlər çalışırlar ki, Azərbaycanın müstəqilliyini, dövlətini təhlükə altına atsınlar. Həmin şəxslərin fəaliyyəti yalnız təhqir və böhtandan ibarətdir. Bir daha qeyd edirəm ki, bu işləri onlara sifariş edənlər ölkəmizi sevməyən, ermənipərəst qüvvələrdir. Bunlar, hətta koronavirusdan da təhlükəlidirlər. Ermənilərin siyasətini tətbiq etməklə fəaliyyətlərini davam etdirirlər. Xatırlayırsınızsa, 2005-ci ildə keçirilən parlament seçkilərində ölkədə “narıncı inqilab” həyata keçirməyə cəhd etdilər. 2013-cü ildə bəzi ərəb ölkələrində başlayan “ərəb baharı”ndan faydalanmağa çalışdılar. Bunların məqsədi ermənilərin məqsədi ilə tam eynidir. Avropa Şurasının Parlament Assambleyasının bəzi təmsilçiləri də bunlara dəstək verirlər. Azərbaycan xalqı bunları 27 il əvvəl tarixin zibilliyinə atıb. Bunlara insan demək olmur, dövlətə qarşı ən ləyaqətsiz, tərbiyəsiz, çirkin addımlar atırlar”.