Azərbaycanın baş infeksionisti Cəlal İsayevin müsahibəsi:
- Cəlal bəy, Azərbaycanda aprelin 20-dək xüsusi karantin rejimi elan olunub. Prezident İlham Əliyev dünən keçirilən müşavirədə bildirib ki, mütəxəssislərin rəyi əsasında təhlillər aparıldıqdan sonra karantin müddəti ilə bağlı qərar veriləcək. Sizcə, Azərbaycandakı hazırkı vəziyyətdə karantinlə bağlı hansı qərarın verilməsi uyğundur?
- Son dövrlər xəstələnmə hallarında azalma, stabilləşmə var. İnsanların deyilən qayda-qanunlara müəyyən qədər əməl etməsi və həyata keçirilən tədbirlər nəticəsində bu azalma müşahidə olunur. Lakin koronavirus haqqında biz qısa müddətli müşahidələr əsasında konkret bir proqnoz verə bilmərik. Ola bilər ki, bu eniş müvəqqətidir və bunun ikinci dalğası yenə ola bilər. Buna görə də koronavirusa qarşı apardığımız tədbirləri zəiflətməməliyik. Mənim fikrimcə, qoyulmuş qadağalar bir müddət davam etsin. Aprelin sonuna ya da mayın əvvəlinə qədər artırılsın ki, yoluxmuş insanların digər insanları yoluxdurmasının qarşısını ala bilək. Bu zaman xəstəliyin qarşısını almaq istiqamətində müəyyən effekt əldə etmək olar. Mən və digər mütəxəssislərin təklifi ayrı-ayrı kontekstdə təhlil olunub, çox güman ki, yaxın vaxtda qərar veriləcək.
- Koronavirusa yoluxmuş 1 nəfərin 30-60 insanı yoluxdura bildiyi məlumdur. Xəstəliyin yayılma sürətinin qarşısını almaq üçün karantin rejiminin mərhələli şəkildə yumşaldılması effektiv ola bilərmi?
- Mən hesab edirəm ki, karantin qaydalarının yumşaldılması hələ tezdir. Koronavirus infeksiyası hamıda kəskin əlamətlərlə biruzə vermir. Yüngül, subklinik keçirə bilərlər. Həmin insanlar tibbi müşahidədən kənarda qalaraq infeksiyanın yayılmasında mühüm rol oynayırlar. Ona görə də biz bu gün sayın azalmasına arxayın olmamalıyıq, tədbirlər davam etdirilməlidir. Koronavirus soyuq temperatura dözümlüdür. Onların yayılması müsbət 5-10 dərəcə havada daha əlverişlidir. Hazırda Azərbaycanda istiləşmə də olmayıb ki, buna arxayın olaq. Amma heç isti havaya da arxayın olmaq lazım deyil. Vəziyyət tam stabilləşməyincə karantin rejimini davam etdirməliyik.