Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisi ifadə verib.
O, heç bir şikayətinin olmadığını deyib. Eyni zamanda hüquqi varis Etibar Mehdiyev qətlə yetirilən qardaşı İsgəndər Mehdiyevin evdən çıxarkən ona “Rəşad çaşsa, onu vuracam” dediyini vurğulayıb:
“Mənim heç bir şikayətim yoxdur. Qardaşım mənə Rəşadın söhbətinin olduğunu və onu həll etməyə getdiklərini dedi. Və dedi ki, “Rəşad çaşsa, onu vuracam”. Amma niyə belə dediyini bilmirəm”.
Hakim Rəşad Əmirovdan özünü təqsirli bilib-bilmədiyini soruşub. O, özünü qismən təqsirli bilib. Belə ki, o soyuq silah gəzdirməkdə özünü təqsirli hesab etmir. Amma adam öldürməkdə təqsirli bilir.
Məhkəmənin növbəti iclası mayın 19-a təyin edilib.