Ermənistanda XX əsrin 20-ci illərində silsilə siyasi qətllər törətmiş terrorçuların, “Nemezis” qruplaşmasının yaraqlıların xatirəsinə ucaldılmış abidənin açılışı olub.
Bu barədə “Report” politoloq Fuad Axundova istinadən məlumat verir.
“Aprelin 24-də Ermənistanda... terrorçuların, daha doğrusu, XX əsrin 20-ci illərində silsilə siyasi qətllər törətmiş “Nemezis” qruplaşmasının yaraqlıların xatirəsinə ucaldılmış abidənin açılışı olub. Onlar Gənc Türklər və Azərbaycan Xalq Cümhuriyyəti hökumətlərinin üzvlərini “aradan götürürdülər”. Ermənistanda məhz onları qondarma “erməni soyqırımı” ilə əlaqədar “qisasçılar” adlandırırlar”, - o deyib.
F.Axundovun sözlərinə görə, yadda saxlamaq lazımdır ki, bu terrorçuların davamçıları da olub - artıq 70-ci illərdə “yeni nəsil” erməni terrorçular müxtəlif ölkələrdə, o cümlədən ABŞ və Qərbi Avropa ölkələrində türk diplomatlarının qətlə yetirilməsi “kampaniyası” həyata keçiriblər.
“Onlar da iddia edirdilər ki, sadəcə quldur və qatil deyillər, 1915-ci ilin “soyqırımı”na görə “qisasçılar”dırlar. Özü də Birinci Dünya Müharibəsi zamanı hələ doğulmamış türk diplomatlarını da öldürürdülər. Yaxud Varujan Karapetyanın “Orli” hava limanında etdiyi kimi addım atırdılar - mülki təyyarəyə bomba qoyurdular. Yaxud da Ankara hava limanında sərnişinlərə atəş açırdılar. Hətta terrorçulardan biri “O vaxt bir milyon yarım erməni öldü, indi sizdən neçə nəfərin ölməsinin nə fərqi var?” deyə qışqırıb”, - F.Axundov bildirib.
Politoloq hesab edir ki, indi İrəvanda məhz belə şəxslərə “qəhrəman”, “nümunə götürüləsi örnək” kimi abidə ucaldırlar.
“Düzü, Qaregin Njdenin abidəsindən sonra Ermənistanın daha da alçalacağı yer olmadığını düşünmək olardı. Xatırladaq ki, bu subyekt könüllü olaraq Hitlerin ordusunun sıralarında xidmətə gedib, CD casusu olub (Nürnberq prosesi bu casusları hərbi cinayətkar kimi tanıyıb), yəhudilərə qarşı qırğınlarda fəal iştirak edib, “Holokost” zamanı əldə edilmiş qənimətləri satıb... Ermənistanda, təbii ki, artıq bir əfsanə hazırdır: Njdeyə abidə Hitlerə xidmətinə görə deyil, onun Zəngəzurdakı “qəhrəmanlıqlarına” görə ucaldılıb. Hətta bu barədə xəstə düşüncəli ağlamalı film də çəkiblər və bu filmdə Njde “Zəngəzurda hələ neçə türk kəndi var?” deyə soruşur, ardınca isə “Biz bu kəndləri azad edəcəyik!” deyir. Napoleon gəlib bu kəndləri ələ keçirmişdi və Njde də onları azad etmək istəyirdi? Azərbaycanda demək olar heç kimə əlavə izah etməyə ehtiyac yoxdur ki, onlar kəndləri dinc yerli azərbaycanlılardan “azad edirdilər”. Bu gün Qarabağın kəndlərinə, daha doğrusu, kəndlərin qalıqlarına baxmaq kifayətdir ki, ermənilərin azad etmək kəlməsinin nə məna verdiyini anlayasan”, - o deyib.