Kulis.az qarmon ifaçısı Xalq artisti Aftandil İsrafilov haqqında maraqlı faktları təqdim edir.
Aftandil İsrafilov 1941-ci ilin yanvarın 24 -də Bakıda anadan olub. O, 1961-ci ildə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mülki tikinti fakültəsinə qəbul olub. Qarmona olan marağına görə təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr edib.
A. İsrafilov fəaliyyətinin ilk illərində “Azkonsert”in tərkibində ansambl yaradaraq bədii rəhbərliyini həyata keçirib. 1970-ci ildə Zeynəb Xanlarova ilə birgə Türkiyədə qastrol səfərindən sonra onun ansamblının tərkibində dünyanın dörd bir yanında Azərbaycan musiqisinin təbliği ilə bağlı silsilə konsertlərdə çıxış edib.
Sənətçi bu konsertlər barəsində danışarkən bildirib: “Beş dəfə Amerikada konsert vermişəm. Onun üçündə böyük sənətkar Zeynəb Xanlarova ilə birlikdə olmuşam. Orada bizi elə dinləyiblər ki, özümüzü Azərbaycanda hiss etmişik”.
Aftandil İsrafilov dinləyicilərin qəlbində silinməz izlər buraxmış “Zemfira”, “Kəmalə”, “Nazilə”, “Aynurə”, “Jalə”, “Basqalı” kimi 100-ə qədər musiqi havasının müəllifidir.
Xalq artisti qarmonu hər zaman müqəddəs sayıb, öz sözləri ilə desək, öpüb gözünün üstünə qoyub. Verilişlərdən birində müasir dövrümüzdə musiqi alətləri ilə şou göstərən ifaçılardan danışarkən belə adamları görəndə onlarla çox vaxt görüşmədiyi deyib:
“Qarmon dizdən aşağı keçdisə, onu ifa edən sənətkar sənətkar deyil. Bunlar qormonu tutub ayağa qədər uzadırlar. Bu, sənət deyil, şoudur. Öz işləridir. Belə adamlarla çox vaxt görüşmürəm. Özləri də məni görəndə yaxınlaşmırlar. Bilmirəm, niyə? Bəlkə çox kolxoz görüblər ona görə. Bəlkə də məndən ehtiyat ediblər. Qarmon ifaçıları gərək özlərini yox qarmonu tərifləsinlər. Çünki qarmon onlardan sonra da yaşamalıdır. Şou adamları belə edə bilmirlər”.
Peşəkar qarmon ifaçısı müxtəlif illərdə nəhəng sənətkarlarla birlikdə işləyib. Sənətçiyə kino sahəsində çalışmaq da qismət olub. Belə ki, o, rejissor Rasim Ocaqovun “Ad günü” filmində ifa etdiyi “Nazilə” rəqsi ilə böyük şöhrət qazanıb.
Tahir və Cabir İmanovun təklifi ilə isə “Məhəllə” filmində professor rolunda yer alıb. Xalq artisti bu haqda danışarkən qeyd edib: “Qardaşlar gəlib təklif etdilər. Dedim baş üstə. Necə istədilərsə, elə də etdim. Qəti məşq etməmişdik. Həmin kadr da bir dəfəyə çəkilmişdi”.
Aftandil İsrafilov dostluqda sadiq, sədaqətli biri olub. Elə bu səbəbdən sənətçi uzunmüddətli dostuq münasibətləri ilə də yadda qalıb. Onun müğənni Elşad Qarayevlə 48, Qüdrət Ağayevlə 30, musiqiçi Cəmaləddin Dadaşovla 40, Xalq artisti Sadiq Zərbəliyevlə 45 illik dostluğu olub.
Tez-tez qastrol səfərlərində olan sənətçi televiziya proqramlarından birində başına gələn maraqlı hadisələrdən birini izləyicilərinə belə nəql edib:
“Türkiyədə bir tədbirdə çıxış edirdim. Bir nəfər gəlib yaxınlaşdı, əlini köynəyimin cibinə basıb dedi ki, bir “Sarı gəlin” ifa elə. Sarı gəlin də elə musiqidir ki, ora zərb alətləri olmaz. Amma bacardım. İfa etdikdən sonra ona yaxınlaşıb cibimdəkinin nə olduğu ilə maraqlandım. Həmin adam dedi: “Aftandil müəllim, bayaq demək yaddan çıxdı. Bakıda bir nəfərə borcluyam, bunu ona çatdırarsınız”. Çox gülmüşdüm onda”.
Deyilənə görə, getdiyi tədbirlərdə çox vaxt başqa qarmon ifaçıları gəlib onun qarmonunun içinə baxırmışlar ki, o səslər oradan necə gəlir? Sənətçi onlara özünün də bəzən bundan baş açmadığını bildirirmiş.
Müsahibələrdən birində ölümlə bağlı sualı cavablandıran sənətçi bu sənətlə məşğul olanların daha tez vəfat etməsinə diqqət çəkib: “Bizdən əvvəlki sənətkarlar Teyyub Dəmirov, Səfərəli Vəzirov, Səttar Hüseynov, Məmmədağa Ağayev bunların hamısı gözəl sənətkar olublar. Necə olubsa, onların hamısı 60 yaşında dünya ilə vidalaşıblar. Həmişə fikirləşirəm ki, görəsən, mən də elə olacağam?”
Futbola qarşı xüsusi sevgisi olub. Bir dəfə oyunda qol vurmaq istəyəndə oyunçulardan biri ayağının üstünə atlanıb. Ayağı zədə alan sənətçi bir müddət sonra sağalıb. Hələ 3-4 yaşında onda futbola və musiqiyə sevgi yaranıb. Görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun atasına hədiyyə etdiyi piano az sonra onun sevimli alətinə çevrilib. Hər dəfə futbol oynadıqdan sonra pianoda ifa edib. Bu, onun musiqiyə olan həvəsini daha da artırıb.