Aprelin 29-da Sumqayıtda azyaşlı oğlanın idman məktəbində aldığı xəsarət səbəbindən vəfat etməsi barədə yeni detallar məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2016-cı il təvəllüdlü Fərid Bakarov və qardaşı iki aydır Avropa Oyunlarının bürünc mükafatçısı, idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqlərində birlikdə məşq edirmişlər.
M.Xəlilovun Fəridə qarşı təhlükəli fənd işlətməsi səbəbilə onun başının bədəninin altında qalması və boynunun qırılması Fəridin qardaşının gözləri önündə olub. Hadisə zamanı isə uşaqların anası onları qapıda gözləyirmiş.
Uşaq xəsarət aldıqdan sonra M.Xəlilov ananı çağırıb və uşağının altına sidik qaçırdığını söyləyib. Bu zaman ana yeddi yaşlı uşağın niyə sidik qaçırdığına təəccüblənib və ayaqlarının tutulduğunu görüb.
M.Xəlilov uşağın məşq zamanı halsız düşdüyünü bildirib.
Ana təcili yardım çağırmaq istəsə də, M.Xəlilov mane olub. M.Xəlilov uşağı öz qucağında piyada evə gətirib. Bu zaman uşaq qusub, sonra ana uşağı çimizdirib və görüb ki, halı yoxdur. Həmin vaxt Mehman da orada olub. Ana taksi çağırıb və uşağı Sumqayıt Şəhər Uşaq Xəstəxanasında aparıblar. Amma onun həyatını xilas etmək mümkün olmayıb.
Ölən uşaq hərbçi olmaq istədiyi üçün anası idmana yazdırıbmış.
F.Bakarovun qohumları saytımıza bildiriblər ki, uşağın anasının görüntülərdən xəbəri yoxdur:
“Təsəvvür edin ki, M.Xəlilov uşağı xəstəxanaya aparana kimi bütün Sumqayıtı taksi sürücüsünə fırladıb. Yəqin, fikirləşib ki, ölsə, bundan olmasın. Normal insan uşaqla elə davrana bilməz. Ana uşağı ilə davranış videosunu görmədiyi üçün “işdir də, olub”, - deyir. Dünən mürdəşir bizə deyir ki, uşaq döyülüb və bədəni qançırdır. Dedik, ola bilməz. Sən demə, vəhşi kimi döyübmüş.