“Bəzi məşqçilər istəyirlər ki, uşaqlar tez bir zamanda nailiyyət qazansınlar. Onun sayəsində yaxşı qonorar alsınlar. Bu baxımdan uşağa hər şeyi tez aşılamağa çalışırlar, bu da düzgün hal deyil”.
Bunu Olimpiya çempionu, Azərbaycan Milli Olimpiya Akademiyasının vitse-prezidenti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru Fərid Mansurov Teleqraf.com-un suallarını cavablandırarkən deyib. Fərid Mənsurovla qısa müsahibəni təqdim edirik.
- Fərid bəy, Sumqayıt şəhərində tanınmış idmançı, 1994-cü il təvəllüdlü Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə uşaq dünyasını dəyişib. Bu barədə nə deyə bilərsiniz?
- Videoya baxanda ürəyim ağrıdı, axıra qədər baxmaqda çətinlik çəkdim. Deyəsən, uşaq əvvəldən zədəli olub. Necə olub məşqçi bunu bilməyib ki, uşaq əzilib.
- Bu hadisə uşaq idmanında peşəkar məşqçilik məsələsini gündəmə gətirir. Ümumiyyətlə, uşaq məşqçisi necə olmalıdır?
- Ən savadlı məşqçilər uşaq məşqçiləri olmalıdırlar. Çünki uşağın idman vərdişlərinin fundamentini onlar qoyurlar. Fundament düzgün qoyulmayanda uşaq bir idmançı kimi düzgün inkişaf etməyəcək. Əvvəlki müəllimlərimiz, eləcə də öz şəxsi müəllimim bizimlə həmişə çox düzgün davranırdı.
Biz idman zalına gedəndə məşqçimiz ilk olaraq idman fəndləri öyrətmirdi. Yalnız oyun hərəkətləri verirdi, isinmə hərəkətləri edirdik, özümüz döşəkçəyə yıxılırdıq. Yəni bizə birdən-birə hansısa fəndləri öyrətmirdi, tədricən aylar sonra kiçik fəndləri öyrətməyə başlayırdı. Məşqin vaxtı bitəndə isə bizi idman zalından qovurdu.