Xəbər verdiyimiz kimi, qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə ötən gün məhkəmə istintaqı başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən baxış iclasında zərərçəkmiş İsgəndər Mehdiyevin hüquqi varisi Etibar Mehdiyev də iştirak edib. O, Rəşad Dağlıdan hər hansı şikayətlərinin olmadığını deyib.
Bəs görəsən, qarşı tərəfin şikayətçi olmaması Rəşad Dağlını məsuliyyətdən azad edə bilərmi?
Pravda.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev danışıb. Hüquqşünas bildirib ki, zərərçəkmişin ailəsi ilə barışıq yüngülləşdirici hal kimi məhkəmə tərəfindən nəzərə alına bilər:
“Qanunda belə bir müddəa var, zərərçəkmiş şəxslə barışıq yüngülləşdirici hal sayılır. Əgər şikayət yoxdursa, bu, cəzanın təyinatına təsir edir. Amma cəzada güzəşt ¾ hissəsindən aşağı olmayacaq. Praktikada bu belə hesablanır: məsələn, 12 illik cəza hesablanırsa. Yüngülləşdirilib 9 ilə salına bilər, amma ondan aşağı olmayacaq. Hər şey sanksiya həddində olacaq, qanunla 121-ci maddə 12 ildən 14 ilə qədərdisə, meyxanaçıya bunun aşağı həddini verə bilərlər. Hətta məhkəmə cəzanın aşağı həddindən də az cəza kəsə bilər, məsələn, bu müddət 10 ilə də salına bilər”.