“Azərbaycan Respublikası Prezidentinin aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans – müşavirədəki nitqi pandemik emipdemiya ilə mübarizə dövrünə təsadüf etməklə bərabər, həm də yeni siyasi konfiqurasiyadan xəbər verir”.
Bunu Pravda.az-a açıqlamasında müxalif Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.
Ağasif Şakiroğlunun sözlərinə görə, Prezidentin çıxışını təhlil edərkən açıq görmək olar ki, təkcə 2020-ci ilin pandemiya dövrünün xəritəsini sözlə ifadə etmir, eyni zamanda ölkənin gələcək strategiyasını, iqtidar-müxalifət münasibətlərini və dövlətçiliyin güclənməsi naminə görülməli olan əsas priotetləri tam əhatə edir.
GAP sədri onu da əlavə edib ki, Prezidentin müşavirədə islahatlar məsələsinə toxunması növbəti dəfə cəmiyyətin gözləntisinin ifadəsi və eyni zamanda bu islahatların artan xəttlə davam edəcəyinə əminliyin ifadəsidir: "Təbii ki, biz illərdir, hakimiyyətdən islahat tələb edən müxalif qüvvələr olaraq bu kimi məsələlərə sevinə və öz dəstəyimizi ifadə edə bilərik. Bu gün ölkədə yaranmaqda olan iqtidar-müxalifət münasibətlərinin dialoq müstəvisinə keçməsi, problemləri bir masada müzakirə edib həllinə nail olmaq olduqca sevindirici haldır. Siyasi hakimiyyət komandasının rəhbəri olan ölkə prezidentinin bu dialoq mühitinin bir qədər də sürətlə inkişaf etdirmək istəməsi və bunu açıq ifadə etməsi ortada real siyasi iradənin olmasının, ən əsas da bu siyasi iradənin bir başa ölkə prezidentindən gəlməsinin açıq göstəricisidir".
Ağasif Şakiroğlu onu da bildirib ki, dünyada sürətlə yayılmaqda olan koronavirus pandemiyası şəraitində bütün müxalif qüvvələr öz siyasi maraqlarını kənara qoymalı, lazım gələrsə, 2 ay müxalif mövqedən imtina belə olsa, edilməlidir: "Bu gün xalqın taleyindən söhbət gedir. Xalqın qorunması, təhlükəsizliyinin təmin edilməsi bütün siyasi qüvvələr üçün önəmli olmalıdır. Bu istiqamətdə hər bir siyasi partiya dövlətinin, dövlətçiliyinin eyni zamanda xalqının yanında durmağı bacarmalıdır. Əks halda tarix bizi bağışlamayacaq. Bu səbəbdən də Gələcək Azərbaycan Partiyası hökümətin tətbiq etdiyi karantin rejimi qaydalarını birmənalı dəstəkləyir və vətəndaşlarımızın təhlükəsizliyinin təminatı naminə bütün addımların yanında olduğu açıq bəyan edir".