Gəncədə qətl törətməkdə təqsirləndirilən Kamal Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 15-nə təyin edilib.
Xatırlatma: Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda qeyd edilib ki, ötən il dekabrın 11-i saat 20 radələrində Gəncə şəhərində 1980-ci il təvəllüdlü Əli Bayramovun qəsdən öldürülməsi barədə məlumat daxil olub.
Bildirilib ki, aparılmış araşdırmalarla 4 nəfər arasında baş vermiş mübahisə zamanı Əli Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxanın tanışları 1994-cü il təvəllüdlü Niyazi Bayramov və sonuncunun qardaşı 1986-cı il təvəllüdlü Kamal Bayramova bıçaq xəsarətləri yetirməsinə, K.Bayramovun isə buna cavab olaraq odlu silahdan atəş açaraq Əli Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Niyazi və Kamal xəstəxanaya yerləşdirilib, stasionar şəkildə müalicəsi davam etdirilir. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Daha sonra Kamal Bayramov cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov