Bakıda qətl törətməkdə təqsirləndirilən Sənan Hacıyev və onunla birgə məsuliyyətə cəlb edilən Məqsud Həsənovla Elvin Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Vüqar Quliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 17-nə təyin edilib.
Qeyd: Hadisə bu ilin yanvarında paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Belə ki, Beyləqan rayon sakini, 1994-cü il təvəllüdlü Qənbərov Qənbər Elman oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkət edən avtomobilin sürücüsü, Füzuli rayon sakini, 1996-cı il təvəllüdlü Hacıyev Sənan Şirxan oğlu arasında mübahisə yaranıb. Mübahisə S.Hacıyevin Q.Qənbərova yol verməməsi üstə baş verib. Mübahisə tərəflər arasında əlbəyaxa davaya səbəb olub. Nəticədə S.Hacıyev üzərində gəzdirdiyi bıçaqla Q.Qənbərova bədəninin müxtəlif hissələrindən bir neçə bıçaq zərbəsi endirib.
Yaralı ağır vəziyyətdə "Yeni Klinika"ya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Q.Qənbərov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən S.Hacıyev saxlanılıb. Daha sonra bu işə görə M.Həsənovla E.Sadıqov da cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov