İdman müəllimi Mehman Xəlilovun Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsindəki 19 saylı məktəbin zalında 7 yaşlı Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olması ölkə gündəmini əməlli-başlı silkələyib. Baş verən hadisənin görüntülərini izləyən hər kəs öz hiddətini gizlədə bilmir və idmançının azyaşlı uşaqla bu cür amansız rəftarını kəskin şəkildə qınayır. Lakin cəmiyyət tərəfindən qınanılan təkcə hadisəni törədən 1994-cü il təvəllüdlü Mehman Xəlilov deyil. İnsanlar bu cür amansız və qəddar ruhlu bir şəxsə məktəbin idman zalını etibar edən və onun azyaşlı uşaqlara məşq keçməsinə şərait yaradan təhsil müəssisəsinin direktoru Pərvanə Ramazanovanı da qınaq obyektinə çevirirlər. Sosial şəbəkələrdə rəy yazan, status paylaşan hər kəs direktorun müvafiq qurumlardan lisenziyası olmayan bir şəxsə məktəbin idman zalını hansı əsaslarla verdiyini sual edir.
Lakin təəssüflər olsun ki, ünvanlanan sualların heç bir cavabı yoxdur. Çünki Pərvanə Ramazanova “ağzına su alıb” sakit oturmağı və onun rəhbərlik etdiyi təhsil müəssisəsində baş verən hadisəyə münasibət bildirməməyi üstün tutur. Ya direktorun suallara tutarlı cavabı yoxdur, ya da azyaşlı uşağın faciəli ölümü onun qəlbini sızlatmadığından baş verənlərə “fransız” qalmağı məqsədəuyğun hesab edir. Direktorun susması isə onun haqqında səsləndirilən iddiaların əsaslı olduğuna dair şübhələr yaradır. Belə ki, sosial şəbəkələrdə direktorun məktəbin idman zalını Mehman Xəlilova icarəyə verdiyi və oradan pul qazandığı haqda iddialar səsləndirilir. Təəssüflər olsun ki, təhsil müəssisəsinin rəhbəri Pərvanə Ramazanova ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadığından bu iddiaların nə dərəcədə doğru olub-olmadığını ondan soruşa bilmədik.

Pərvanə Ramazanova, direktor
Əvəzində adını açıqlamaq istəməyən, lakin direktorun katibəsi olduğunu bildirən gənc xanım telefonumuza cavab verərək müəssisə rəhbərinin kabinetində olmadığını söylədi. Direktorun iş saatında harada olduğunu soruşduqda isə katibənin cavabı belə oldu: “Müəlliməmiz yoxdur, yoxlamadadır. Özbaşına getməyib, yuxarıdan onu özləri göndəriblər”.
