“Torpaqlarımız işğal altında olduğu dönəmdə təsir altına düşərək öz Vətənini qoyub, qeyri-qanuni şəkildə Suriyaya, İraqa İŞİD-ə qoşulmaq üçün gedənlər oldu. Onlar vətənimizi qorumaq əvəzinə, gedib başqa ölkələr üçün döyüşürdülər. Bəziləri, hətta muzdlu qaydada, pul qarşılığında gedirdilər. Azərbaycanın dövlət başçısının siyasətini dəstəkləmirdilər, gedib digər ölkələrin siyasətinə dəstək verirdilər. Ona görə də bu gün onların yaxınlarının aksiyada irəli sürdükləri tələblər heç də doğru deyil. Çünki onlar qeyri-qanuni şəkildə Azərbaycan sərhədlərini keçiblər. Başqa yollarla, bəziləri Türkiyədən, bəziləri İran yolu ilə İraqa gediblər. Ona görə də bu gün onların ölkəyə qaytarılmaları üçün ailələrinin, qohum-əqrəbalarının küçələrə tökülüşüb dövlətimizdən dəstək istəmələrini doğru saymıram”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.