Ötən gün Milli Məclisin iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov yerli telekanallarda yayımlanan bəzi sosial verilişləri tənqid etdi. Millət vəkili dedi ki, 70 yaşlı kişini evlənmək üçün efirə dəvət edirlər: "70 yaşında adamları efirə evləndirməyə dəvət edirlər.Televiziyada ailə qururlar. Bizim adətimiz, milli dəyərlərimiz var. Rusiyada bu proqram var, onların öz milli-mənəvi dəyərləri, Azərbaycanın özünün milli-mənəvi dəyərləri var. Axı, televiziyada kim evlənir, boşanır?" Məsələ ilə bağlı Yenisabah.az-a danışan aktrisa Sonaxanım Əliyeva bu yanaşma ilə qətiyyən razılaşmadığını bildirib:
“Bizim əsas problemimiz odur ki, heç kim öz həyatını yaşamır. Sanki öz evlərində oturub başqa evləri də idarə etmək istəyirlər. Bu, düzgün deyil. Məncə, hər kəs öz həyatını istədiyi şəkildə qurmaq ixtiyarındadır. Yaşlı insanlar niyə tənha qalmalıdırlar? Onlar ömürlərini balalarına həsr ediblərsə, onları böyüdüblərsə, artıq nəvə sahibidirlərsə, deməli, hər kəsin artıq öz ailəsi var. Niyə bu yaşdan sonra həmin şəxs evində tək oturmalıdır?! Hərənin öz ailəsi, ailə problemləri var, övladlar gündəlik yaşlı valideynlərinin yanında ola bilmirlər. Yaşlı insana qulaq yoldaşı lazımdır, biz niyə o saat pis şeylər düşünürük? Elə bilirlər ki, yaşlı insanlar evlənirsə, mütləq ortada şəhvət hissi olmalıdır və bu milli-mentalitetimizə uyğun deyil.
Yaşlılardan biri xəstələnsə, digəri ona yardım edər, yaxud ən pis halda 103 xidmətinə zəng vura bilər. Bizdə nədənsə birbaşa pis şeyləri düşünürlər, yaşlı adam evlənmək üçün müraciət etdikdə deyirlər ki, gör necə temperamentli adamdı ki, bu yaşda ailə qurmaq istəyir və s. Hər şeyi pis niyətlə başa düşürük, məsələyə başqa prizmadan yanaşmırıq. Bəlkə onlara oturub söhbət etməyə, birlikdə seriala, sosial verilişə baxmağa bir qulaq yoldaşı lazımdır? İnsanlar məsələnin bu tərəflərini anlamaq istəmirlər. Yaşlı adamdırsa, mütləq kəfənini alıb oturub evində ölümünü gözləməlidir?!”